Səbəb çox təəssüf ki, günümüzün xəbərinə çevrilən yol qəzalarıdır. Hadisələrdən birində iki avtomobil toqquşub, digərində isə piyada vurulub.
İmişlidə yük və minik maşınlarının toqquşması bir nəfərin ölümünə səbəb olub. Ağır qəza Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu Ağaməmmədli kəndi ərasizindən keçən hissəsində qeydə alınıb. İmişli istiqamətində hərəkətdə olan rayon sakini Vaqif Əbilovun idarə etdiyi “Mercedes” markalı minik maşını, təkəri partladığından yol kənarında dayanan İmişli sakini Vüqar Ağaşova məxsus “QAZ 53”-ə çırpılıb. Hadisə zamanı sürücülər xəsarət almasa da, minik maşınının sərnişini, İmişli rayon sakini 59 yaşlı Vaqif Məmmədov dünyasını dəyişib. Avtomobildə sıxılıb qalan cəsəd FHN-in xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Gəncədə də ölümlə nəticələnən yol qəzası baş verib. Heydər Əliyev prospektində “Priora” markalı avtomobil qadını vurub. 60 yaşlı Səidə Abdullayeva aldığı xəsarətlərdən yerindəcə keçinib. Polis əməkdaşları hadisə yerinə baxış keçiriblər. Sürücü saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 980