Elon Mask tərəfindən əsası qoyulan SpaceX aerokosmik şirkəti Falcon 9 raket daşıyıcı ilə EchoStar XXIII telekommunikasiya peykini uğurla orbitə çıxarıb. Raketin buraxılışına Floridada Kennedi kosmik mərkəzinin 39A adlı meydanında start verilib. Geostasionar orbitə çıxan EchoStar XXIII telekommunikasiya peyki Braziliya ərazisində yayım həyata keçirmək üçün nəzərdə tutulub. Əvvəlcə raket-daşıyıcının buraxılışı 14 marta təyin edilsə də, ərazidə güclü küləyin peyda olması bu tarixi ertələməyə məcbur etdi. Bu dəfəki proqrama görə raket geri qayıtmamalı idi, çünki adıçəkilən peyk kifayət qədər ağırdır və onu orbitə çıxarmaq üçün xeyli yanacaq sərf olunmalıdır. Belə vəziyyətdə Falcon 9, geri qayıdıb eniş etmək üçün lazım olan qədər yanacaq tutumuna malik deyil. Deyilənə görə, bu buraxılış Falcon 9-un cari versiyası üçün sonuncu ola bilər. Belə ki, SpaceX ağır çəkili peykləri Falcon Heavy adlı raketlərlə daşımağı planlaşdırır.
Cavanşir Məmmədzadə
- Baxış: 271