• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 792
— 04.02.2017 14:56

Şəmkirdə fermerlər istixanalarını qızdırmağa mazut tapmırlar

KepezTV Player

Soyuq havada yanacaq tapmayanların belə olan halda məhsulları, ümumən isə biznesi məhv olma təhlükəsi ilə üzləşib. Aidiyyəti strukturlar isə narahatlığa əsas görmür, problemin tezliklə həll olunacağını vəd edir.

Şəmkir rayonunda 1515 hektarda istixana təsərrüfatı yaradılıb. Burada əsasən tərəvəz məhsulları becərən fermerlər ötən il hər hektardan orta hesabla 100 ton məhsul götürüb. Əkdiklərinin Rusiyada bazar tapması Şəmkir sakinlərinin bu sahəyə marağını artırıb. Ancaq Tarif Şurasının təbii qaz və elektrik enerjisinin qiymətinin artırılması barədə məlum qərarı fermerləri çətin duruma salıb. Məcburən qazdan mazuta keçən sakinlər bir neçə gündür bu yanacaq növünü də əldə edə bilmir.

Elçin Mansurov- istixana sahibi: “Mazut yoxdur, tapılmır. Adı var, özü yoxdur. Qiymətini 45 qəpiyə qaldırıblar, ancaq tapılmır”.

Bəzi istixanalarda mazut ehtiyatı tükəndiyindən əkin sahələrinə ziyan dəyib.

Şahin Qasımov- istixana sahibi: “Mazut 17 qəpik idi. Qalxdı 28, sonra 30, daha sonra isə 35 qəpik oldu. İndi də bir həftədir 45 qəpiyə tapılmır. Qonşuda istixana var ki, iki gün bundan öncə mazut tapa bilmədi, ştilini şaxta vurdu”.

Elçin Mansurov- istixana sahibi: “Vaxtında istixanaya hazırlaşmışdıq. Sonradan fikirləşdim ziyanın yarısından qayıtmaq da yaxşıdır”.

Hələ bir müddət əvvəl kənd təsərrüfatı naziri Heydər Əsədov Tarif Şurasının qərarı ilə təbii qazın dəyərinin artırılmasının istixana sahiblərinə o qədər təsir göstərməyəcəyini açıqlamışdı.

Heydər Əsədov- kənd təsərrüfatı naziri: “Mən sizə əminliklə deyə bilərəm ki, bu sahənin iqtisadiyyatı tərəfimizdən təhlil olunub. İstixanalar kifayət qədər rentabelli işləyən sahələrdir. Sadəcə olaraq bu qiymətin qaldırılması ola bilər ki, gəlirlilik dərəcəsini aşağı sala bilər. Amma o sahənin qeyri- rentabelli işləməsinə səbəb ola bilməz. Mən sizə bunu əminliklə deyirəm. Siz gələcək fəaliyyətinizdə bunu görəcəksiniz. Çünki kifayət qədər bazarı var. Qonşu ölkələrə ixrac olunur, valyuta gətirir, həmin valyutanı da manata çevirərkən kifayət qədər manat əldə olunur”. 

Hazırda isə hökm sürən başqa şəraitdən nazirliyin yerli qurumu xəbərdardır. Kənd Təsərrüfatı Nazirliyinin Şəmkir rayon idarəsinin rəisi Kamil Yusifov problemin həlli istiqamətində fermerlərə köməklik göstəriləcəyini vurğulayıb.

 

Natiq Hüseyn