• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1088
— 20.01.2016 10:41

Daşkəsəndə güclü külək bir sıra fəsadlar yaradıb

Ötən gün axşam saatlarında Daşkəsən rayonu ərazisində güclü külək müşahidə olunub. Külək rayonun elektrik təsərrüfatına və binalara ciddi ziyan vurub.

Qar çovğunu ilə müşahidə olunan külək dünən axşam saat 20:00 radələrindən başlayıb və bir neçə saat davam edib. Təbii fəlakət zamanı Daşkəsən şəhərinin Səməd Vurğun küçəsində yerləşən 2 mərtəbəli, 12 mənzilli yaşayış binasının dam örtüyü taxta konstruksiyalarla birgə uçaraq yararsız hala düşüb. Güclü külək rayonun elektrik xəttlərini də sıradan çıxarıb və nəticədə Daşkəsənin bir hissəsi enerjisiz qalıb.

Ötən gün axşam saatlarından etibarən Daşkəsən rayonuna yağan qar isə təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına mane olur. Hazırda rayonun aidiyyəti qurumları çətinliklə də olsa elektrik xəttlərinin bərpasını təmin edib.

Cavanşir Qocayev- Daşkəsən Rayon Fövqəladə Hallar Komissiyasının sədri: "Baş vermiş hadisə nəticəsində dəymiş ziyanın aradan qaldırılması istiqamətində aidiyyəti üzrə qurumlara məlumat verilib. Hazırda dəymiş ziyanın aradan qaldırılması üçün daxili imkanlar hesabına işlər görülür. Xoşbəxtlikdən təbii fəlakət zamanı xəsarət alan olmayıb".

Rayon ərazisinə yağan qar bir neçə ucqar kəndə aparan yollarda da hərəkəti çətinləşdirib.

Xaliq Qurbanlı