• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1069
— 18.01.2016 11:33

Bakı, Ağcabədi və Xaçmazda yanğın hadisələri baş verib

Ağcabədidə 215 şagirdin təhsil aldığı məktəb binası tamamilə yanıb. Xaçmaz və Bakıda da yanğınlar qeydə alınıb. Xoşbəxtlikdən hər 3 hadisə xəsarətsiz ötüşüb.

Ağcabədi rayonunun Hindarx qəsəbəsində məktəb binası yanıb. Şəhid Xanoğlan Həsənov adına məktəbdə başlayan yanğın bütün sinif otaqlarını bürüyüb. Alovu söndürməyə  Ağdam və Ağcabədi rayonunun yanğınsöndürənləri cəlb edilib. Lakin 215 şagirdin təhsil aldığı məktəb tamamilə yanıb. Sinif otaqları yararsız hala düşdüyündən şagirdlər təhsillərinə müvəqqəti olaraq qəsəbədəki digər məktəb binasında davam edəcəklər.

Gecə saatlarında Xaçmazın Hacı Zeynalabdin Tağıyev küçəsində yerləşən rayon sakini Qədir Abdullayevə məxsus kafedə də yanğın baş verib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın ümumi ərazisi 50 kv.metr olan taxta və plastik mareriallardan ibarət olan tikilini tam əhatə edib. Bina içərisindəki avadanlıqla birlikdə yanaraq kül olub. Yanğınsöndürənlərin səyi nəticəsində alovun bitişik tikililərə və yaşayış binalarına keçməsinin qarşısı alınıb. Alovun elektrik xəttlərində yaranan qısaqapanmadan baş verdiyi ehtimal olunur.

Bakıda 5 mərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə Nəsimi rayonu, Nizami küçəsində yerləşən, ümumi sahəsi 1600 kv.m olan yaşayış binasının mansarında qeydə alınıb. Sahəsi 20 kv.m olan köməkçi otаğın yanar konstruksiyaları və 10 kv.m sahədə içərisində əşyalar olan dam örtüyü yanaraq yararsız hala düşüb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin Nəsimi rayon hissəsinin texnika və canlı qüvvəsi əraziyə cəlb olunub. Alov söndürülüb, binanın qalan hissəsi yanğından mühafizə olunub. Xəsarət alan yoxdur.

Faktlarla bağlı Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Hissəsində araşdırmalara başlanılıb.

İlham Məmmədzadə