• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 923
— 18.01.2016 07:56

Bir gündə 6 yol qəzası: 3 ölü, 2 yaralı

Yol qəzaları yenə ağır nəticələr verib. Bakıda piyadaların vurulması nəticəsində iki nəfər dünyasını dəyişib. Sumqayıt, Tovuz və Şəkidə baş verən qəzalar da ölüm və xəsarətlərlə nəticələnib.

Paytaxtda piyadaların ölümü ilə nəticələnən iki yol nəqliyyat hadisəsi baş verib. İlk hadisə  Xəzər rayonunun Buzovna qəsəbəsində qeydə alınıb.  Sabirabad rayon sakini Hüseyn Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Lerik rayon sakini Alqayıt Mirzəyevi vurub. Piyada hadisə yerindəcə keçinib.

Daha bir ölüm faktı Bakının Nizami rayonunda baş verib.  Qara Qarayev prospektində Bakı şəhər sakini Rauf Atakişiyev idarə etdiyi “Lada-Priora” markalı avtomobillə yolu keçən paytaxt sakinləri Antonina Kuznetsovanı və Ariana Kuznetsovanı vurub. Antonina Kuznetsova hadisə yerində dünyasını dəyişib, Ariana isə xəstəxanaya yerləşdirilib.

Sumqayıtda isə Rauf Vəliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Miryaqub İbrahimovu vurub. Xəstəxanaya yerləşdirilmiş Miryaqub İbrahimov orada dünyasını dəyişib.

Tovuzda da  iki yol qəzası baş verib. İbrahimhacılı kəndində çörək almağa gedən 77 yaşlı rayon sakinini avtomobil vuraraq hadisə yerindən qaçıb. İsbəndiyər Abbasov təcili tibbi yardım avtomobili ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağırdır.

Daha bir yol-nəqliyyat hadisəsi rayonun Heydər Əliyev prospektində qeydə alınıb. "Changan" markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə maşın yol kənarındakı ticarət obyektinə çırpılıb. Avtomobil yararsız hala düşüb, şinləri və digər hissələri ətrafa dağılıb, obyektin pəncərələri sınıb, divarı zədələnib. Sürücü isə hadisə yerindən uzaqlaşıb. Şahidlərin sözlərinə görə, qəzaya avtomobil yoluna qəfil itin çıxması səbəb olub. Avtomobilin sürəti yüksək olduğundan sürücü sükana hakim ola bilməyib.

Şəkidə Heydər Əliyev prospektində Elçin Adşirinovun idarə etdiyi “Vaz-2106” markalı avtomobil Azər Lətifova məxsus "Mercedes"lə toqquşub, daha sonra yol kənarındakı işıq dirəyi və işifora çırpılıb. Hadisədə xəsarət alan olmasa da avtomobillərə ziyan dəyib. İşıqfor və işıq dirəyi yararsız vəziyyətə düşüb.

Bütün faktlarla bağlı araşdırma aparılır.

Ruhəngiz Hacızadə