• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1098
— 15.01.2016 15:16

Salyanda ev, Tovuzda mağaza, Ağstafa və Qusarda ot tayası yanıb

Salyanda ev, Tovuzda mağaza,  Ağstafada 14 ton ot tayası yanıb. Qusarda isə ot tayalarına od vuran şəxslər saxlanılıb.

Salyan rayonunda yanğın baş verib. Hadisə rayonun Stansiya yaşayış massivində qeydə alınıb. Belə ki, həmin massivin sakini, 45 yaşlı Sadiq Babayevə məxsus 2 otaqdan, 1 aynabənddən ibarət fərdi yaşayış evi anidən alovlanıb. Yanğın baş verən zaman evdə kimsə olmayıb. Qonşular tərəfindən Fövqəladə Hallar Nazirliyinin Salyan Yanğından Mühafizə Hissəsinə məlumat verilib. Hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb olunub. Yanğınsöndürənlər tərəfindən yanğın söndürülüb. Lakin buna baxmayaraq, ümumi sahəsi 63 kvadratmetr olan yaşayış evi içindəki əşyalarla birlikdə yanaraq yararsız hala düşüb. Qış aylarında evsiz qalan ev sahibi isə 3 övladı ilə birgə qohumlarıgildə sığınacaq tapıb. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Tovuz rayonunda isə sahibi məlum olmayan ümumi sahəsi 24 kv.m olan mağazanın dam örtüyünün yanar konstruksiyaları 6 kv.m sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Ağstafa rayonun Pirili kəndində Elman İbrahimova məxsus həyətdə yanğın baş verib. Kənd sakininin mal-qara üçün yığdığı 14 ton ot yanaraq yararsız hala düşüb. Alovu söndürmək mümkün olmadığında kəndə Ağstafa YMH-nın canlı qüvvəsi və avtomobilləri çağırılıb. Görülən qabaqlayıcı tədbirlər nəticəsində kənd sakininə məxsus 30 ton ot bağlamasının yarısından çoxunu söndürmək mümkün olub. Ətrafdakı tikililər, mal-qara yanğından zərər görməyib.

Qusarda isə  qonşularının ot tayasına od vuran şəxs saxlanılıb. Saxlanılan şəxsin başqa əməlləri də istintaq zamanı üzə çıxıb. Belə ki, rayon sakini 40 yaşlı Rusif Cavadov 2015-ci il sentyabr ayının 22-dən 23-ə keçən gecə törətdiyi cinayət hadisəsinə görə, bir gün əvvəl həbs olunub. O, yaşadığı Balaqusar kəndində qonşuları Zəfər İsmayılov və Fərman Nurəliyevin tövlələrini, xeyli sayda ot bağlamalarını, təndirxananı, çardağı və ot biçən aparatı  yandırıb. Polisin araşdırması zamanı hadisəni sərxoş halda törədən Rusif Cavadov şübhəni özündən uzaqlaşdırmaq üçün qeyri-adi yola əl atıb. Qusar Polis Şöbəsinin baş müstəntiqi Rəfael Tağıyevin sözlərinə görə, həmkəndlilərinin ot tayalarına od vurduqdan sonra o, izi itirmək məqsədilə öz həyətindəki olan yardımçı tikiliyə də od vurub, əmlakına ziyan vurub. 

Bütün faktlarla bağlı araşdırmalar davam etdirilir.

İlham Məmmədzadə