• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1212
— 06.01.2016 19:08

Bakıda 2 bıçaqlanma hadisəsində 4 nəfər xəsarət alıb

Sabunçu rayonunda qanlı hadisə baş verib. Rayon sakini həyat yoldaşını, qayınanasını və baldızını bıçaqlayıb. Abşeron rayonunda da oxşar hadisə baş verib. Bu dəfə, 20 yaşlı gəncə 6 bıçaq vurulub.

İlk hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb. Maştağa qəsəbəsi, Bağırov 98 ünvanında yaşayan İlham Qurbanov həyat yoldaşı 30 yaşlı Mədinə Qurbanovaya, qayınanası 54 yaşlı Çimnaz Əliyevaya və baldızı, 29 yaşlı Aynurə Əliyevaya çoxsaylı bıçaq xəsarətləri yetirib. Yaralılar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, Aynurə Əliyeva döş qəfəsinin çoxsaylı kəsilmiş-deşilmiş yarası, Çimnaz Əliyeva və Mədinə Qurbanova isə boğaz nahiyəsinin kəsilmiş yaraları ilə xəstəxanaya gətiriliblər. Əməliyyat olunan xəstələrin vəziyyəti ağır olaraq qalır. Polisdən verilən məlumata görə, hadisə baş verəndən sonra İlham Qurbanov Sabunçu rayon polis idarəsinə gedərək könüllü təslim olub. Hadisənin hansı səbəbdən baş verdiyi aparılan araşdırmalardan sonra məlum olacaq.

Abşeron rayonunda isə oxşar hadisənin üstü açılıb. Xırdalan şəhərində 20 yaşlı Bilal Məmmədova 6 bıçaq zərbəsi endirən şəxs tutulub. O, xəstəxanaya yerləşdirilən yaralının ifadəsindən sonra həbs olunub. Zərərçəkən küçə ilə hərəkətdə olan zaman naməlum şəxslərin ona yaxınlaşdığını və bıçaqla hədələyərək pul tələb etdiklərini bildirib. Bilal Məmmədov isə pul verməyəndə onu bıçaqlayaraq qaçdıqlarını deyib. Hadisədən bir neçə saat sonra isə hadisəni törətməkdə şübhəli bilinən 25 yaşlı Mehman Mahmudov Abşeron rayon polis idarəsinə gələrək könüllü təslim olub. Saxlanılan şəxsin sözlərinə görə, Bilal Məmmədovu əvvəllər tanıyıb və onunla Xırdalan şəhəri ərazisindəki çayxanalardan birinin qarşısında rastlaşıblar. Bundan sonra isə Mehman Mahmudov ərazidən uzaqlaşıb. Qeyd edək ki, saxlanılan şəxs əvvəllər də eyni əmələ görə məhkum olunub.

Hər iki faktla cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

İlham Məmmədzadə