Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib.Mehriban Əliyeva bildirib ki, rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya sahələrini əhatə edən 2026–2028-ci illər üzrə Fəaliyyət Planı ölkənin rəqəmsal inkişafına yeni təkan verəcək. O vurğulayıb ki, süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir və dövlətlərin təhlükəsizliyində mühüm rol oynayır.İclasda çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Fəaliyyət Planının 58 təşəbbüsü əhatə etdiyini bildirib. Onun sözlərinə görə, “mygov” platformasının istifadəçilərinin sayı son üç ayda 2,7 milyondan 3,5 milyona yüksəlib, süni intellekt əsaslı xidmətlərin tətbiqi genişləndirilir və kibertəhlükəsizlik sahəsində yeni milli mərkəzlərin yaradılması istiqamətində işlər davam edir.Elm və təhsil naziri Emin Əmrullayev ölkədə təhsilin rəqəmsallaşdırılması istiqamətində görülən işlər və gələcək planlar barədə Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verib. Nazir təhsil müəssisələrinin vahid internet şəbəkəsi ilə təminatı, "Rəqəmsal məktəb" layihəsi, təhsil pillələri üzrə məlumatların rəqəmsallaşması, təhsil sənədlərinin elektronlaşdırılması məsələlərinə toxunub, növbəti mərhələ olaraq tədrisin rəqəmsallaşdırılmasının nəzərdə tutulduğunu bildirib.O, şagirdlərin rəqəmsal bacarıqlarının inkişafı üçün məktəblərdə həyata keçirilən "Rəqəmsal bacarıqlar", "STEAM Azərbaycan" layihələrini qeyd edib, bu istiqamətdə insan kapitalının inkişafının təmin edilməsinin də əsas prioritetlərdən biri olduğunu vurğulayıb.
- Baxış: 74
