Gəncə-Qəbələ-Gəncə qatar marşrutu üzrə hərəkət cədvəli açıqlanıb
“Azərbaycan Dəmir Yolları” QSC yanvarın 12-dən etibarən istifadəyə veriləcək Gəncə–Qəbələ–Gəncə qatar marşrutu üzrə hərəkət qrafikini açıqlayıb. “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Bəxtiyar Hacıyev Kəpəz FM-ə açıqlamasında bildirib ki, yeni marşrut regionlararası nəqliyyat əlaqələrinin genişlənməsinə və daxili turizmin inkişafına mühüm töhfə verəcək.
Bəxtiyar Hacıyev - “Azərbaycan Dəmir Yolları” QSC - nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri: " Gəncə qərb bölgəsində sərnişinlərin ən çox üz tutduğu istiqamətdir, Qəbələ isə ölkəmizin əsas qış və yay turizmi mərkəzlərindən biridir. Hazırda Bakı–Qəbələ–Bakı reysi yalnız həftəsonları həyata keçirilir, yeni Gəncə–Qəbələ–Gəncə reysi isə sərnişinlərə hər gün səfər etməyə imkan verəcək. Belə ki, sərnişinlər Bakı–Qazax qatarı ilə saat 10:50-də Ləki stansiyasına çataraq, 11:12-də Gəncə–Qəbələ qatarına minə biləcəklər. Qəbələ–Gəncə reysi ilə isə saat 18:45-də Ləki stansiyasına çatmaq və 19:02-də Qazax–Bakı qatarı ilə paytaxta qayıtmaq mümkündür. Bu səbəbdən Gəncə–Qəbələ–Gəncə reysinə tələbatın artacağı gözlənilir. Azərbaycan Dəmir Yolları olaraq gəncəli sərnişinlərimizə yeni ildə yeni uğurlar, dəmir yolları ilə rahat, təhlükəsiz və xoş səfərlər arzulayır. Yanvarın 12-dən etibarən yeni Gəncə–Qəbələ–Gəncə qatarı sərnişinləri gözləyir".
- Baxış: 81
