Prezident: Gecə-gündüz öz əzəli torpaqlarımızı düşmənin tapdağından qurtarmaq üçün çalışmışıq
"Əfsuslar olsun ki, o vaxt Azərbaycan rəhbərliyi sizi qoruya bilmədi, iradə göstərə bilmədi, qorxaqlıq göstərdi və faktiki olaraq işğalla barışmalı oldu". Bunu Prezident İlham Əliyev Kərkicahan qəsəbəsində ora köçən sakinlərlə görüşündə deyib. "Faktiki olaraq Şuşanın, Laçının işğalı Kərkicahanın işğalından təqribən beş ay sonra baş verdi. Ona qədər Xocalı soyqırımı törədildi. O vaxt həm sovet dövründən qalan rəhbərlik, həm də ki, guya xalq hərəkatına aid olan rəhbərlik faktiki olaraq burada yaşayan insanları taleyin ümidinə buraxmışdı. Sizi müdafiə edə bilərdilər, etmədilər. Vətəndaş müharibəsi, Kəlbəcərin işğalı və faktiki olaraq Laçın-Xankəndi yolunun itirilməsi - bütün bunlar Ermənistan üçün böyük üstünlük təmin etdi və nəticədə işğala, böyük işğala yol açdı. Biz isə gecə-gündüz öz əzəli torpaqlarımızı düşmənin tapdağından qurtarmaq üçün çalışmışıq, vuruşmuşuq, müharibədə Qələbə qazanmışıq. Bu elə bir şərəfli tarixdir ki, əminəm, bugünkü nəsil, bundan sonrakı nəsillər bu şərəfli tarixlə əbədi olaraq fəxr edəcəklər. Böyük Qayıdış” Proqramı bu gün dünya miqyasında ən uğurla icra edilən qayıdış proqramıdır", - Prezident deyib.
- Baxış: 53
