Bu günə xəbərlərin oxunma sayı: 666
— 20.11.2025 17:35

“BakuBus” Gəncə sakinlərinə müraciət etdi: Qaydalara əməl edək!

Gəncədə ictimai nəqliyyatın yenilənməsi və “BakuBus” MMC-nin şəhərdəki fəaliyyətinin nəticələri ilə bağlı qurumun mətbuat katibi Əsmər Əliyeva Kəpəz FM-ə açıqlamasında artıq iki aya yaxındır ki, Gəncə şəhərində yenilənmiş 20 marşrut xətti üzrə sərnişindaşıma xidməti göstərildiyini və bu qısa müddət ərzində 3 milyondan çox səfər həyata keçirdiyini bildirib:

Əsmər Əliyeva - “BakuBus” MMC-nin mətbuat katibi: "BakuBus MMC Gəncədə fəaliyyətə başladığı ilk gündən əsas diqqət marşrut şəbəkəsinin fasiləsiz və dayanıqlı fəaliyyətinin təmin olunmasına yönəlib. İstismarda olan 280 avtobusun hər biri xəttə buraxılmadan əvvəl texniki baxışdan keçirilir və yalnız tam hazır vəziyyətdə xidmətə yönləndirilir. Eyni zamanda, Gəncədə CityCard nağdsız ödəniş sisteminin tətbiqi və təbliği gücləndirilib, sərnişinlərin rahat, çevik və təhlükəsiz ödəniş imkanlarından istifadə etməsi üçün mütəmadi olaraq BakuBus mmc-nin Gəncərəsmi sosial media platformalarında maarifləndirici paylaşımlar edilir. Nəticə olaraq, sərnişin məmnuniyyətində nəzərəçarpan pozitiv dinamika müşahidə olunur və Gəncə ictimai nəqliyyatında rahatlıq, təhlükəsizlik və əlçatanlıq istiqamətində əhəmiyyətli irəliləyiş əldə edilib. Yalnız təyin olunmuş dayanacaqlarda sərnişinlərin minib-düşməsi prinsipi “BakuBus” MMC-nin Gəncə şəhərində fəaliyyətə başlaması ilə ictimai nəqliyyata gətirilmiş mühüm yeniliklərdən biridir. Əvvəllər şəhərdə avtobusların istənilən məntəqədə saxlanması geniş yayılmışdı və bu səbəbdən ilk günlərdə sərnişinlərlə sürücülər arasında müəyyən anlaşılmazlıqlar yaşanırdı. Müşahidələr göstərir ki, Gəncə sakinləri yeni mexanizmə sürətlə adaptasiya olub və bu istiqamətində müsbət dinamika davam edir. İlk növbədə bütün Gəncə sakinlərinə BakuBus MMC-yə göstərdikləri etimada görə təşəkkür edirik. Qısa müddətdə əldə olunan nəticələr məhz sərnişinlərin qaydalara hörməti, yeni sistemə adaptasiyası və ictimai nəqliyyata olan diqqəti sayəsində mümkün olub. BakuBus MMC olaraq gördüyümüz bütün işlərin məqsədi daha təhlükəsiz, nizamlı və rahat ictimai nəqliyyat sistemi yaratmaqdır. Sakinlərdən xahişimiz odur ki, ictimai nəqliyyat qaydalarına riayət etməklə daha keyfiyyətli xidmətin formalaşmasına dəstək olmağa davam etsinlər. “BakuBus” MMC sərnişinlərə rahatlığını və təhlükəsizliyini daim prioritet hesab edir və bunun üçün bütün lazımi tədbirləri görməkdədir".