Bu günə xəbərlərin oxunma sayı: 666
— 17.11.2025 11:53

Prezident: “Heç bir insan rəqəmsal gələcəkdən kənarda qalmamalıdır”

Müasir dövrdə heç bir ölkə və heç bir insan rəqəmsal gələcəkdən kənarda qalmamalıdır. Bunun təmin olunması bizim ortaq məsuliyyətimizdir. Bunu Prezident İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının iştirakçılarına müraciətində bildirib. Dövlət başçısı telekommunikasiya sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətləri qeyd edib və rəqəmsal inkişafın qlobal miqyasda əsas prioritetə çevrildiyini bildirib. Deyib ki, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyası Azərbaycanın milli təhlükəsizlik arxitekturasının əsasını təşkil edir. İ.Əliyev kommunikasiya texnologiyaları sektoru Azərbaycanın qeyri-neft iqtisadiyyatının aparıcı sahəsinə çevrildiyini və son illərdə sabit artım tempi nümayiş etdirdiyini bildirib. O həmçinin Azərbaycanın 100 faizlik genişzolaqlı internet əhatəsi, “SİMA” biometrik rəqəmsal imzasının milyonlarla istifadəçi tərəfindən qəbul edilməsi və ölkəmizin BMT-nin “Elektron Hökumət İndeksi” üzrə ən yüksək kateqoriyada yer almasını diqqətə çatdırıb. Bildirib ki, məqsədimiz növbəti beş il ərzində bu indeksdə ilk 40 ölkə sırasında yer almaqdır. Bakıda Beynəlxalq Telekommunikasiya İttifaqının Regional Akselerasiya Mərkəzinin açılmasının planlaşdırıldığını bildirib.