Bu günə xəbərlərin oxunma sayı: 666
— 12.11.2025 15:38

İlham Əliyev yeni təyin olunan icra başçılarını və Naxçıvanda səlahiyyətli nümayəndəsini qəbul edib

"Bəzi məmurlar göstərişləri yerinə yetirmək əvəzinə, ancaq öz ciblərini güdərək qanunsuz varlanmaya üstünlük verirlər". Bunu Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən deyib. Dövlət başçısı çıxışında xalqa xidmət, təvazökarlıq və şəffaf fəaliyyət prinsiplərini əsas vəzifə kimi göstərib, korrupsiya və qanunsuz tapşırıqlara qarşı ciddi mübarizə aparılacağını vurğulayıb. “Vaxtilə bizim bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi də məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi. Artıq o məmurlardan, necə deyərlər, əsər-əlamət qalmayıb. Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb. Ona görə mən tam əminəm ki, bundan sonra mərkəzdən sizə hansısa bir qanunsuz tapşırıq verilməyəcək”, - dövlət başçısı əlavə edib. Prezident bölgələrdə əsas infrastruktur layihələrinin başa çatdığını bildirərək sosial ədalətin təminini, iş yerlərinin yaradılmasını, sahibkarlığın və ekoloji tarazlığın qorunmasını vacib istiqamətlər kimi qeyd edib. Yeni təyin olunan məmurlar dövlət başçısına etimadı doğruldacaqlarına dair söz veriblər.