Havalar nə qədər iqlim normasına uyğun keçərsə, kənd təsərrüfatı məhsulları da bir o qədər bol olar. Hazırda sentyabr ayının ilk ongünlüyündə havaların anomal isti keçməsi fermerləri ciddi narahat edir. Sahələrdə məhsulun yığıldığı bir vaxtda bu cür hava şəraiti fermerlərin bol məhsul əldə etmə ümidinə kölgə salır.
Son günlər respublika ərazisində havanın həddindən artıq isti keçməsi, yüksək temperatur kənd təsərrüfatına təsirsiz ötüşməyib. Kənd təsərrüfatı mütəxəssisi Hüseyn İdrisovun sözlərinə görə, belə hava kənd təsərrüfatı bitkilərinə bəzi xəstəliklərin düşməsinə səbəb olur və nəticədə məhsuldarlığın keyfiyyətini aşağı salır.
Hüseyn İdrisov- ADAU- Bağçılıq kafedrasının dosenti: “Məsələn, bitkinin böyüməsi və inkişafı üçün əgər 22-25 dərəcə normal temperatur tələb olunursa, bu gün respublikanın ayrı –ayrı bölgələrində 40+ istilik olur. Bəzi bitkilər 30 dərəcəyə qədər çiçəkləyə bilir. 30 dərəcəni keçəndən sonra çiçəkdə mayalanma dayanır, meyvələrin özü risk altında, təhlükə altında olur. İndi fikir versəniz, fermerlərin alma və ya armud bağlarına nəzər salsanız, görərsiniz meyvələrin üzərində yanıqlar var. Ona biz elmi adla “gün yanıqları” deyirik”.
Havanın davamlı isti keçməsi şübhəsiz ki, daha çox fermerləri qayğılandırır. Onlar əkin sahələrində məhsuldarlığın aşağı düşəcəyindən ehtiyat edirlər.
Kamandar Əliyev- fermer: “Doğrudan da, bəlkə 10 günə yaxındır ki, anomal istilər keçir. Mən hal-hazırda sahəmə günəbaxan əkmişəm. Çox təsiri olub. Hal-hazırda günəbaxana baxıram ki, onu gün yandırıb, xəstəlik vurub, qaralma gedir. Çox böyük təsir göstərir. Bu da məhsuldarlığa təsirini göstərəcək, az məhsul olar, yəqin ki”.
Saməddin Hüseynov- fermer: “Son 10 gündə havalar isti keçdiyinə görə üzümdə “günyanığı” deyilən bir şey əmələ gəlib. O da ki, dərman vururuq, xeyiri olmur. Məhsuldarlığı aşağı salır”.
Satıcılar deyirlər ki, hava şəraitinə baxmayaraq məhsuldarlığın azalmasını bazarlarda hiss etməyiblər. Məhsul bol, qiymətlər isə normaldır.
Aləmzər Rəhimova- satıcı: “Hər şey boldur. Gələn də var, gedən də var, alan da var. Məhsullarımız da boldur, qiymətlər də yaxşıdır”.
Natiq Əsgərov- satıcı: “Alıcı qüvvəsi yaxşıdır. Maşallah, məhsullar boldur. Azərbaycanda hal-hazırda hər şey var, meyvə və tərəvəz boldur”.
Xəyal Əkbərov- satıcı: “Ötən illərə nisbətən qıtlıq var. Bunu da düzgün demək lazımdır, çünki sahələrdə üzümlə bağlı bəzi xəstəliklər oldu, üzüm salxımlarında quruma oldu, ona görə də bir az qıtlaşma var. Günəş şüasının çox vurmasına görə, bunun hamısı bir-biri ilə əlaqəlidir. Ona görə qiymətlərdə cüzi də olsa artım var”.
Alıcılar isə bütün kənd təsərrüfatı məhsullarının qiymətlərinin bahalanmasından narazıdırlar. Keçən ilə görə bu il qiymətlərin ikiqat bahalaşdığını bildirirlər.
Leyla Həsənova- alıcı: “İsti olduğuna görə meyvələrin hamısı zədələnir, xarab olur, ona görə də bahaçılıqdır. Keçən ilə baxdıqda çox bahadır. İstinin də meyvəyə çox təsiri var, xarab olur. Bu gün alırıq, sabah tullayırıq”.
Arzuman Abbasov- alıcı: “Bahaçılıqdır, çox bahaçılıqdır. Bu saat özünüz bilirsiniz ki, hamısı isti ilə əlaqəli olan bir şeydir”.
Sahib Məmmədov- alıcı: “Nisbətən qiymət artımı var. Sadəcə olaraq bir az dərman məsələsi var. Elə adam var dərman vurmur, təbii olsun deyə. Meyvə qurdlu da olsa keyfiyyət olsun. Amma indi dərman vururlar, keyfiyyət yoxdur. Qiymət artımı da ona görədir”.
Mütəxəssislər fermerlərə, məhsullarına günyanığı kimi xəstəliklərin düşməməsi üçün bəzi qabaqlayıcı tədbirlərin görülməsinin zəruri olduğunu vurğulayır.
Hüseyn İdrisov- ADAU- Bağçılıq kafedrasının dosenti: “Salınmış meyvə bağlarının üzərinə, eləcə də tərəvəzlərin üzərinə müəyyən örtüklərin çəkilməsi vacibdir. Örtük həm temperaturu, həm də şüaları dəf etmək imkanı yaradır. Xüsusi örtük altında olan meyvə bağlarında heç bir Günəş yanığı olmur. Burda bir növ havalanmanı tənzimləyir və orda temperatur 3-5 dərəcəyə qədər aşağı düşür. Bitkinin həm sağlamlığına, həm də məhsulun keyfiyyətinə heç bir mənfi təsir göstərmir”.
Havanın quraq və isti keçməsi müəyyən çətinlik yaratsa da, təcrübəli fermerlər qabaqlayıcı tədbirlər görərək məhsula dəymiş ziyanı tədricən azaltmağa müvəffəq olublar. Məhsulun sağlam və keyfiyyətli olmasını təmin edən dərman preparatlarından və bir sıra tədbirlərdən vaxtında istifadə, günvurmadan dəyən ziyanı nisbətən azalda bilər.
Pərvin Abbaszadə
- Baxış: 2924