• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 993
— 18.04.2024 23:01

Başlıbel qətliamından 31 il ötür

KepezTV Player

Ermənilərin 1993-cü il aprelin 18-də Kəlbəcərin Başlıbel kəndində törətdikləri qətliamdan 31 il ötür. 1993-cü il aprelin ilk günlərində Kəlbəcər rayonunun işğalı zamanı iki minə yaxın əhalisi olan Başlıbel kəndində 73 sakin evlərini tərk edə bilməyib. Onlar aprelin 2-də mühasirədən çıxmağa çalışarkən, ermənilər 9 nəfəri qətlə yetirib, 5 nəfəri isə girov götürüb. Qalan 62 nəfər isə dağlara çəkilərək kahalarda gizlənib. Aprelin 18-də sakinlərin yerlərini aşkarlayan ermənilər kahalara hücum edərək daha 18 nəfəri qətlə yetirib, 14 nəfəri isə girov götürüblər. Hadisə zamanı 1 nəfər itkin düşüb. Sağ qalmağı bacaran 30 nəfər 113 gün mühasirədə qalıb. Nəhayət, iyulun 17-də onlar ancaq gecə hərəkət edərək dağ yolları ilə mühasirədən çıxa biliblər. Bu hadisələr zamanı yalnız 93 yaşlı Başlıbel sakini Ələsgər Kazımov doğma kəndini tərk etməyərək həyatını mühasirədə davam etdirib. Kəlbəcərin ən qədim və böyük kəndlərindən biri olan Başlıbelin tarixi, mədəni və dini obyektləri işğal zamanı dağıdılaraq məhv edilib. Kəlbəcər rayonu 44 günlük Vətən müharibəsi nəticəsində - 25 noyabr 2020-ci ildə işğaldan azad edilib. 

Zeynəb Allahverdiyeva- Başlıbel sakini: “Suya gedəndə qayanın yanında – bax, o dik daşın - gördük ki, ermənilər gəlir. Qorxduq, qaçdıq kahaya. Böyük qardaşımın boynunun dalına avtomatla vurdular, sərildi kahanın ağzına. İçəri girdim ki, ermənilər anamı ağacla döyür, nənəmin əlindən ağacı alıb, anamı çırpırlar. 14 nəfəri mənimlə birlikdə apardılar, girov götürdülər, 9 ay Xankəndidə saxladılar. Elə döyürdülər ki...” 

Vüsalə Cənnətova