• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2484
— 18.04.2024 20:03

Tarixi abidələrə ekskursiya təşkil edilib

KepezTV Player

Tarixi abidələrin qorunması ilin bütün dövrlərində öz aktuallığını qoruyur. Tarixi özündə yaşatmaqla gələcək dövrlərə ötürülən bu tikililər Gəncə ərazisində də az deyil. Beynəlxalq Abidələr və Tarixi Yerlər Günündə Şəhər İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Gəncədə silsilə tədbirlər baş tutub.

Silsilə tədbirlər incəsənət mərkəzinin, musiqi məktəblərinin yetirmələrinin ifasında xalq mahnıları səsləndirilməsi ilə xoş ovqat yaradıb. Ardınca Nizami yurdunda fəaliyyət göstərən ali, orta ixtisas və orta məktəblərin tələbə və şagirdlərinin iştirakı ilə abidələrə ekskursiya təşkil edilib. Şah Abbas Məscidi və Çökək hamamın tarixi haqda, müəyyən vaxtlarda həmin tikililərin təyinatı üzrə istifadə edilməməsi, dağıntılara məruz qalması və müstəqillik dövründə dövlət tərəfindən bərpa edilməsi ilə bağlı məlumat verilib. Eyni zamanda ərazidə qurulan rəsm əsərlərindən ibarət sərgiyə baxış olub.

Aytac Abdullayeva- tələbə: “Bu gün Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür. Bu günlə əlaqədar tədbir keçirildi. Həqiqətən də çox gözəl idi. Gələcəkdə də bu cür tədbirlərin keçirilməsi gənclər üçün örnəkdir. Biz tarix haqqında bimədiklərimizi öyrənirik, məlumatlanırıq. Yaxın vaxtlarda belə tədbirlər keçirilərsə yenidən iştirak etmək istəyərəm”.

Xalidə Nəbiyeva- tələbə: “Şah Abbas Məscidi və Çökək hamama gəzintilər etdik. Demək olar ki, çox maraqlı fatklarla üzləşdik. Öz keçmişimizi bilsək də, ancaq bizə məlumatımızın olmadığı və maraqlı faktlar deyildi. Biz bu gün gənclər olaraq bildik ki, keçmişini bilməyən, gəlcəyə addımlaya bilməz. Gəlin hamımız keçmişimizi bilək ki, gələcəyə daha əmin addımlarla addımlayaq”.

Tədbir Uğurlu Xan karvasarasında davam edib. 4 il öncə yenidən restavrasiya olunaraq istifadəyə verilən tikilinin həyətində reallaşan tədbirdə 18 aprel gününün önəminə toxunulub. Abidələrə yalnız bu gün deyil, hər zaman sahib çıxmağın vacib olduğuna diqqət çəkilib. Daha sonra kiçik yaşlı rəqqaslar musiqi sədaları altında bacarıqlarını göstəriblər, müğənnilər vətənpərvəlik ruhunda mahnılar ifa ediblər.

Nurəddin Babazadə- Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin sektor müdiri: “Tarixi abidələr ətrafında ekskursiyalar bir tək 18 aprel günü çərçivəsində deyil, ilboyu bizim iş planımıza əsasən abidələrə marağın artırılması, qorunması işində vətəndaş cəmiyyətinin rolunun artırılması istiqamətində bir sıra tədbirlər görülür və görüləcək. Xüsusilə biz yaz və yay aylarını dəyərləndiririk. Çünki bilirsiniz ki, qərb bölgəsi və xüsusən də Gəncə şəhəri abidələrimizlə zəngin bölgəmizdir. Ümimiyyətlə şəhərin tarixi çox qədimdir və bu gün həmin o tarixi bizə göstərən abidələr qorunub saxlanılır və qorunmaqdadır”.

Xəlil İbrahimov- Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin baş məsləhətçisi: “Gənc nəslin, abidələr ətrafında yaşayan əhalinin maarifləndirilməsindən ötrü bir çox silsilə tədbirlər keçiririk. Bunlardan biri də bu günə təsadüf edir. Tarixi qorumağa, bizdən sonra gələn nəsillərə toxunulmaz vəziyyətdə çatdırlımasına çalışırıq. Bugünkü tədbir də sırf bunun təbliğatı ilə bağlıdır”.

Sonda Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi ziyarət edilib. Sözügedən məkanda sərgilənən rəsm əsərlərinə baxış keçirilib.

Orxan Cəfərzadə