• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2441
— 25.12.2023 09:30

Süd Yolu qalaktikasında digər qalaktikadan gəlmiş ulduz yerləşir

Süd Yolu qalaktikasının mərkəzində yerləşən ulduzun 8 illik müşahidəsindən sonra yapon alimlər belə qənaətə gəliblər ki, müşahidə edilən ulduz bizim qalaktikamızın mərkəzinə digər qalaktikadan gəlib. Bu, müşahidə edilən ilk belə bir obyektdir. S sinifinə daxil olan bu ulduz S0-6 adını əldə edib. O, qalaktikamızın mərkəzində mövcud olan Oxatan A* (Sagittarius A*) adlı super kütləli qara dəliyin ətrafında yerləşir. S sinifinə daxil olan ulduzlar uzunsov formalı uzunmüddətli orbit üzrə hərəkət edirlər. S0-6 adlı ulduz da istisna deyil. O, qalaktikamızın mərkəzindəki super kütləli qara dəlik ətrafında ondan 0.04 işıq ili uzaqlığında dövr edir.

Qara dəliyin ətraf sahəsinin yeni ulduzların formalaşması üçün münbit şəraitə sahib olmadığını nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, S0-6 adlı ulduz ora digər yerdən gəlib. Lakin hardan? Ulduz işığının spektral analizi bu suala cavab verməyə imkan verib. İlk öncə alimlər spektral analiz vasitəsilə ulduzun yaşını təyin ediblər. Ulduzun tərkibində ağır elementlər nə qədər azdırsa, onun yaşı bir o qədər çoxdur. Alimlər S0-6-nın yaşını 10 milyard il təyin ediblər. Yəni sözügedən ulduz Süd Yolu qalaktikasından cəmi 3 milyard il daha cavandır. Nəzərə almaq lazımdır ki, spektral analiz həmçinin ulduzun kimyəvi tərkibini təyin etməyə də imkan verir.

Məlum olub ki, S0-6-nın kimyəvi tərkibi alimlər tərəfindən indiyə kimi müşahidə edilmiş ulduzların kimyəvi tərkiblərindən fərqlənir. Bu isə o deməkdir ki, ulduz digər yerdə formalaşıb və müəyyən müddət sonra qalaktikamızın mərkəzindəki qara dəlik tərəfindən öz əhatəsinə alınıb. S0-6-nın kimyəvi tərkibi Süd Yolu qalaktikasını əhatə edən cırtdan qalaktikalardakı ulduzların kimyəvi tərkiblərinə bənzəyir. Nəticədə alimlər belə qənaətə gəliblər ki, S0-6 adlı ulduz bizim qalaktikamızın mərkəzinə digər qalaktikadan gəlib. Əslində bu, heç də təəccüblü deyil. Belə ki, mövcud olduğu müddət ərzində Süd Yolu qalaktikası müəyyən sayda cırtdan qalaktikanı udub. Məhz buna görə də həmin ulduz cırtdan qalaktikadan bizim qalaktikaya keçid edə bilib.