Google şirkətinə məxsus olan və süni zəka sahəsində fəaliyyət göstərən DeepMind laboratoriyasının həmtəsisçisi və aparıcı süni zəka mütəxəssislərindən biri olan Shane Legg artıq uzun illərdir ki, öz proqnozunu dəstəkləməkdə davam edir. Onun proqnozuna əsasən yaxın illər ərzində süni zəka texnologiyası AGI (Artificial General Intelligence / Ümumi Süni Zəka) səviyyəsinə çata biləcək. Güman olunur ki, bu cür süni zəka texnologiyası insanların yerinə yetirə bildikləri istənilən intellektual tapşırığı yerinə yetirə biləcək.
Hal-hazırda aktual olan ənənəvi süni zəka sistemləri tərcümə, səsləndirmə, məhdud multimedia kontentlərinin tərtibatı və modelləşdirmə kimi kiçik istiqamətli tapşırıqları yerinə yetirirlər. AGI isə öz növbəsində düşünmə, yaddaş, özünü anlama, empatiya və təcrübələrin aparılması kimi özəlliklərə sahib olacaq. Bu cür süni zəka intellektual tapşırıqları insanların səviyyəsində yerinə yetirə biləcək. Shane Legg-in fikrincə ümumi süni zəkanın artıq 2028-ci ilə qədər formalaşma ehtimalı 50% təşkil edir. Növbəti nəsil böyük dil modeli ümumi süni zəkanın formalaşmasının başlanğıcı ola bilər. Gözləntilərə əsasən artıq 2026-cı ilə kimi süni zəka sistemləri fərdi şəkildə neyron şəbəkələrini yarada biləcəklər.
- Baxış: 270