• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 965
— 13.10.2023 16:47

Təcrübəli təcrübəçi necə olur?

Peşəkarlıq təcrübədən başlayır deyirlər. Gənc olaraq hər birimiz müxtəlif təlimlərə qoşulmaqla, ya da bir neçə sahədə, fərqli vəzifələrdə çalışmaqla onu qazanmağa çalışırıq. Yaxşı bilirik ki, uğurlu olmaq hər bir gəncin həm şəxsi, həm də iş həyatı üçün böyük əhəmiyyət daşıyır. İndi  keçid edək iş həyatının ən öyrədici və ilk təcrübəsinə. Söhbət işə qəbul prosesindən gedir ki, müsahibə gənclər üçün öyrəndikləri ən faydalı təcrübədir, deyə bilərik.

İlk növbədə onu deməliyik ki, vaxtında çağırılan yerə gedib, səbrli olmaq lazımdır. Çünki narahat bir görünüş heç də yaxşı qarşılanmır. Otağa daxil olanda salamlaşıb, daha sonra isə təmkinlə verilən sualları cavablamaq lazımdır. Ən önəmlisi isə özgüvənli və səmimi olmaqdır.

İlk sualdan başlayaq. Özünüzü təqdim edin. Bəs bu suala necə dolğun cavab verə bilərik? Sizin bu haqda çox ətraflı danışmağa ehtiyacınız yoxdur, sadəcə ən vacib olanları - yəni, təhsilinizi və bacarıqlarınızı qeyd etsəniz, kifayət edər.

Aysel Abbasova- işəgötürən: “Özünüzü təqdim edin, zəhmət olmasa”.

Günay Əsgərova- gənc: “Mən Bakı Biznes və Kooperasiya kollecində İT üzrə təhsil almışam və hal-hazırda Texnologiya Universitetində təhsilimi davam etdirirəm. Düzdür, bu sahə üzrə heç bir təcrübəm olmasa da, ancaq bir çox təlim və konfranslarda iştirak etmişəm, bir neçə sertikatlarım var. Həmçinin proqramlaşdırma dillərindən də bir neçəsini bilirəm. Xarici dil biliyimə gəldikdə isə rus dilini yüksək səviyyədə bilirəm”.

İkinci sual isə “niyə bizimlə çalışmaq istəyirsiniz? Əgər müsahibədə bu sual sizə verilirsə, işə qəbul üzrə mütəxəssis sizin şirkətə uyğun olub-olmadığınızı, bu işdən olan gözləntilərinizi və ona qata biləcəyiniz dəyərləri müəyyənləşdirməyə çalışır. Buna görə də, əvvəlcədən müsahibəyə çağrıldığınız yer haqqında məlumat əldə edin və həmçinin mövcud komanda ilə işləməyin sizin üçün xoş olacağını, ən əsası da öyrəndiklərinizi və bildiklərinizi tətbiq edəcəyinizi bildirin.

Aysel Abbasova- işəgötürən: “Niyə bizimlə çalışmaq istəyirsiniz?”

Günay Əsgərova- gənc: “Şirkətiniz haqqında daha öncədən çox eşitmişdim. Sadəcə dedim, özüm də araşdırım və araşdırma etdikdə gördüm ki, siz gənclərə, yəni, ali təhsilini yeni başa vuranlara və heç bir iş təcrübəsi olmayanlara  dəstək olursunuz. Dedim elə mən də gəlim, sizə öz CV-mi təqdim edim.  Müsahibədən keçim. Ümid edirəm ki, sizinlə işləmək mənə də qismət olar. Gördüyüm qədərilə də çox güləriz və mehriban kollektiviniz var”.

Bax  belə, yetər ki, istəyək. Öz məqsədlərimizə doğru inamla addım atmağı bacaraq. Düzdür, təcrübəli olmaq o qədər asan bir şey deyil ancaq, ondan öyrəndiklərimiz bizə bir ömür bəs edər. Özünüzə inanın, əsla geri çəkilməyin!

Lalə Bağrova