• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1207
— 02.09.2023 19:19

Yunan-Roma güləşi üzrə açıq rayon birinciliyi təşkil olunub

KepezTV Player

Şəmkirdə yunan-Roma güləşi üzrə açıq rayon birinciliyi keçirilib. Yarışa yerli Olimpiya İdman Kompleksi ev sahibliyi edib. 

Birincilik Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunub. Yarışın açılış mərasimində rəsmilər, idman ictimaiyyətinin nümayəndələri çıxış edərək belə birinciliklərin təşkil edilməsinin istedadlı güləşçilərin üzə çıxarılmasında mühüm rol oynadığını qeyd ediblər. Açılış mərasimindən sonra yarışa start verilib.  Açıq birincilikdə Şəmkir rayonunun güləşçiləri ilə yanaşı Gəncə, Bakı, Qazax, Mingəçevir, Yevlax, Tərtər və Şuşa idmançıları da qalib olmaq üçün xalça üzərinə çıxıblar.

Əziz Məsmalıyev- Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi: “Ulu öndər Heydər Əliyev ili çərçivəsində regional idarə tərəfindən gənclər və idman sahəsində bir çox tədbirlərin keçirilməsinə başlanılmışdır və bu gün də yunan-Roma güləşi üzrə Şəmkir açıq rayon birinciliyidir. Bugünkü rayon birinciliyində iştirak edən və yüksək nəticə əldə edən idmançılar regional idarə tərəfidən müvafiq medal və diplomlarla təltif olunacaqlar”.

Açıq birinciliyə ümumilikdə 200-ə yaxın güləşçi qatılıb. Mübarizələrdə 2006-2010-cu il təvəllüdlü, eləcə də daha aşağı yaş qrupunda olan uşaqlar gücünü sınayıb.

Vəfadar Mustafayev- məşqçi: “Yarışı keçirməkdə məqsədimiz, bizim perspektivli idmançılarımızın aşkar edilməsi, regionda yunan-Roma güləşinin inkişaf etdirilməsidir. İnşallah, bu yarışda nailiyyət qazanan idmançılarımız respublika səviyyəli yarışlarda güclərini sınayarlar”.

İdris Rəhimli- güləşçi: “Yarış çox yüksək səviyyədə keçir, çox gözəl yarışdır. Biz qarşımıza məqsəd qoymuşuq ki, Avropa, dünya çempionu olaq. İnşallah, qoyduğumuz məqsədə çatarıq”.

Yunis Alxanov- güləşçi: “Biz bu yarışlara gəlirik ki, özümüzü təkmilləşdirək, özümüzü inkişaf etdirək. Dünya, Avropa, olimpiada yarışlarında yer tutaq ki, Azərbaycanın adını yüksəklərə qaldıraq”.

Yarışın yekununda ilk 3 yeri tutan güləşçilər medal və diplomla təltif ediliblər.

Azad Mustafayev