• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2415
— 31.07.2023 12:23

Whatsapp-da yenilik: videomesajlar aktivləşdirilir

Whatsapp tərtibatçıları messencerdə yeni funksiyanın istifadəyə verildiyini elan ediblər. İstifadəyə verilmiş yeni funksiya istifadəçilərə digər messencerlərdə oxşar funksiya sayəsində tanışdır. Söhbət, video formatlı mesajlardan gedir. Whatsapp-da bu funksiya Instant Video Messages adını əldə edib. Bu funksiya vasitəsilə istifadəçilər digərlərinə 60 saniyəlik videomesajlar göndərə bilərlər. Video formatlı mesaj göndərmək üçün mətnlərin daxil edilməsi sahəsinin sağ hissəsindəki video düyməsinə klikləyib saxlamaq lazımdır.

Həmin düyməyə klikləyib saxlayandan sonra videonun çəkilişi prosesi başlayır. Düyməyə klikləyib yuxarı istiqamətə sürüşdürəndən sonra isə düyməni basılı saxlamağa ehtiyac qalmır. Videonu qəbul etmiş şəxs onu işə salan zaman video avtomatik səssiz rejimdə işə düşəcək. Videonun səsini aktivləşdirmək üçün videonun üzərinə bir daha klikləmək lazım olacaq. Qeyd etmək lazımdır ki, video formatlı mesajlar dairəvi şəkildə göndərilir və onlar end-to-end şifrələnməsinə sahibdirlər. Sözügedən yeni funksiya istifadəçilər arasında tədricən istifadəyə verilir və yaxın zamanda hamı üçün aktivləşəcək.