• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 720
— 14.07.2023 19:48

Elmi təcrübələrlə yeni qoyun mələzləri alınıb

KepezTV Player

Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda xaricdən gətirilən 7 qoyun cinsi ilə yerli 3 qoyun cinsinin çarpazlaşdırılması nəticəsində yeni mələzlər alınır. Ətlik və südlük istiqamətli olan yeni mələzlər respublikada daha məhsuldar, xəstəliyədözümlü qoyun cinslərinin yaradılmasında mühüm sayılır.

Hazırda Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun qoyunçuluq şöbəsində yerli və xarici cinslərin çarpazlaşdırılması nəticəsində 5 mələz alınıb. Yerli şəraitə uyğun olan mələzlər 5 baş erkək və 5 baş dişi heyvandır. Həm ətlik, həm də südlük istiqamətli olan mələzlərdən gələcəkdə yeni qoyun cinslərinin alınması da nəzərdə tutulub.  

Müzakir Məmmədov- HETİ-nin şöbə müdiri: “Ətinin, eləcə də yununun keyfiyyətinə görə öz valideynlərindən üstün olurlar. Əsas yerli heyvanların qanı olduğu üçün onlar yerli şəraitə daha asan uyğunlaşırlar. Bizim yerli qoyunlar yağlı quyruqlu heyvanlar olduğu üçün bu cinslərlə çarpazlaşdırdıqda, onların quyruq hissəsi də balacalaşır, ətin keyfiyyəti artır. Piy bütün bədən boyu toplandığına görə, ətin keyfiyyəti çox yüksək olur. Bu da gələcəkdə müxtəlif  cinslərin yaradılmasına material verir”.

Heyvanların elmi işçilər tərəfindən boy və inkişaf dinamikası öyrənilir. Onların çəki artımı və bədən quruluşu da izlənilir.  

Mahir Hacıyev- HETİ-nin direktoru: “Xaricdən gətirilən “Lakun” cinsi, ətlik cinslərdən “İnderfrans”, “Suffolk”dur. Düzdür, “Suffolk”lar yerli şəraitə tam tab gətirə bilməsə də, onlardan döl aldıqca, mələzlər aldıqca daha möhkəm olur. Bizim şəraitə uyğun olur. Qoyunçuluq sahəsində həmin 3-4 ay bəsləmə şəraitində onlardan 50 kq-dək canlı kütlənin alınmasında şərait yaratmalıyıq ki, fermer bundan istifadə etsin”.

Xaricdən gətirilən heyvanların yerli şəraitə uyğunlaşması çətin olduğundan, üzərində ciddi elmi təcrübələr aparılır. Bununla pralel olaraq, bu heyvanlarda institutun baytarları tərəfindən profilaktik tədbirlər də görülür.

Tural Abbasov- baytar: “Keçilərdən “Sani” və “Alpin” cinslərindən, qoyunlardan isə “Suffolk”, “Eldofrans”, “Merlolandşaft”, “Hissar”, “Qaradolaq” cinsləri mövcuddur. Qarayara, dabaq, endotoksemiya, pasterellyoz, çiçək xəstəliklərinə qarşı, həmçinin heyvanların daxili və xarici parazitlərinə qarşı tədbirlər görmüşük. Heyvanlarda xarici parazitlərə qarşı Kreyal və Niyastl məhlulundan istifadə edərək heyvanlara vanna qəbul elətdirmişik. Daxili parazitlərə qarşı isə maye və inyeksiya vasitəsilə heyvanlarda qurd əleyhinə tədbirlər aparmışıq”.

Hazırda elmi təcrübələrin aparıldığı mələzlərdən bir neçə ilə cins qoyunların alınmasına başlanılacaq. Ölkədə isə 15 cinsdə 7 milyon 800 minə yaxın xırdabuynuzlu heyvan saxlanılır. Ötən il ölkəyə 194 min baş xarici cins qoyunlar gətirilib.

Elnur Vahidoğlu