• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2304
— 28.05.2023 20:08

Müstəqillik tarixinin 105-ci baharı

KepezTV Player

Bu gün Azərbaycanda Müstəqillik Günüdür. 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 105 il ötür. Bu bayram artıq üçüncü ildir ki, işğaldan azad olunan torpaqlarda da qeyd olunur. Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski olub. Milli Şura 10 gün Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçüb. Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən Cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin edib. Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olub. 1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üçrəngli bayrağı qəbul edilib. Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüf ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalaraq, müvəqqəti olaraq devrildi. Sovet Rusiyası Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal bəyannaməsi abidəsi ucaldılıb. Müstəqillik Günü 1991-ci ildən 2021-ci ilədək Respublika Günü adlandırılıb. 2021-ci ildə isə Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib. Azərbaycanda Müstəqillik Günü qeyri-iş günüdür və hər il bayram kimi qeyd olunur.

Sübhan Talıblı- tarixçi: “Təbii ki, Azərbaycan o dövrdə biz yeni əlifbamızı yaratdıq. Həm milli mətbuatımız yarandı, həm xüsusilə milli ordumuz quruldu. Eyni zamanda Azərbaycan dövləti o zaman öz daxili və xarici siyasətini bərpa elədi. Elə bir parlamentli dövlət qurdu ki, dünya parlamentlər tarixində özünəməxsus rolu oldu. Bu dövlət bütün atributlarıyla bütün fəaliyyətilə demokratik dəyərlərə malik olan və öz-özlüyündə böyük Azərbaycan ideyasına, Azərbaycan xalqının milli mənafeyinə xidmət edən bir dövlət modeli qurdu”.

Rasim Musabəyov- Milli Məclisin üzvü: “Azərbaycan isə bu dövrdə təkcə öz torpaqlarını düşmən tapdağından azad etməklə kifayətlənmədi. İnkişaf təmin olunub. Azərbaycan qoşulmama hərəkatının bu gün indiyə kimi liderinə çevrilmişdi. O, təşkilata demək olar ki, yeni bir nəfəs gətirdi. Azərbaycan keçmiş Sovet respublikaları arasından müstəqillik əldə edəndən sonra ilk dövlət oldu ki, təhlükəsizlik şurasının qeyri-daimi üzvü kimi seçilmişdir. Yəni bunlar hamısı şərtdir”.

Fərid Mehdiyev