• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1437
— 26.05.2023 20:18

Suyun pulunu ödəməyənlər qarşı reydlərə başlanılıb

Gəncədə abonentlərin təxminən 80 faizi içməli sudan fasiləsiz istifadə etmək imkanına malikdir. Lakin bəzi abonentlər bu fürsətdən istifadə edərək, illərdir işlətdikləri su və kanalizasiyanın pulunu ödəməkdən yayınırlar. Gəncədə debitor borcu olan abonentlərin evlərində reydlər keçirilir.

Gəncə Sukanal Törəmə Səhmdar Cəmiyyətinin əməkdaşlarının reydi şəhərin Qırmızı kənd qəsəbəsi adlanan hissəsində aparılıb. Süleyman Rəhimov, Mirzə Fətəli Axundov, Məmmədyusif Axundzadə və digər yaşayış yerlərində abonentlərə bildirişlər paylansa da, abonentlər illərdir işlətdikləri su və kanalizasiyanın pulunu ödəmirlər.

Gəncə Sukanal Törəmə Səhmdar Cəmiyyətinin əməkdaşı: “Süleyman Rəhimov küçəsi, ev 78 ünvanının - 604 manat 16 qəpik borcu var. Bir ildir su və çirkab sularının borcunu ödəmir. Ona görə də tərəfimizdən su xətti dayandırılaraq kəsilir. Ödəniş edəndən sonra su xəttini bərpa edəcəyik”.

3 ildən artıqdır Gəncədə  əhalinin çox hissəsinə içməli su fasiləsiz verilir. Suyun pulunu ödəyə bilməyən abonentlər üçün güzəştli ödənişlər də tətbiq edilir. 

Gəncə Sukanal Törəmə Səhmdar Cəmiyyətinin əməkdaşı: “Çaparidze 7-ci döngə, ev 7 ünvanı - 273 manat debitor borca görə dəfələrlə yazılı və şifahi xəbərdarlıq olmuşdur. Lakin vətəndaş bunların heç birinə məhəl qoymayaraq borcdan yayınmışdır. 16 saylı iş əmrə əsasən ünvanın su xətti dayandırıldı. Debitor borcun bir hissəsini ödədikdən sonra vətəndaşa hissəli protokol tərtib olunur və protokoldan sonra vətəndaş hər ay borcunu hissə-hissə ödəyir”.

Müzəffər Əliyev- sakin: “Düzgün tələb edirlər. İşlətmişik, imkanımız olmayıb, keçirməmişik. Bundan sonra söz verirəm ki, dövlətin 300 manat pulunu keçirəcəyəm. Heç bir etirazım yoxdur, gəlib hörmət edirlər”.

İlqar Əliyev- sakin: “Məmmədyusif Axundzadə 78 ünvanında yaşayıram. 604 manat borcum var. 100 manatını indi ödəyirəm 100 manatını da bir neçə günə ödəyəcəyəm”.

Reyd zamanı su və kanalizasiyanın ödənişini etməyən 18 abonentin suyu dayandırılıb. Eləcə də 50-yə yaxın abonentlə maarifləndirici söhbətlər aparılıb. Ümumilikdə isə Gəncədə əhalinin su və kanalizasiyaya görə 12 milyondan artıq borcu var. 

Vüsal Əsgərov- Gəncə Sukanal Törəmə Səhmdar Cəmiyyətinin şöbə rəisi: “Dəfələrlə xəbərdarlıq eləmişik, yazılı və şifahi xəbərdarlıqlar eləmişik. Ona baxmayaraq bəzi abonentlərimiz ödənişdən yayınırlar, ödənişi eləmirlər. Ona görə də məcburuq ki, reydlər keçirək. Həm əhalini təlimatlandıraq ki, suyun puluna ödəniş eləsinlər, həm də ödəniş etməyənlərin su təchizatını dayandırırıq. Demək olar ki, bu, Gəncədə kütləvi olacaq və hər ay gedəcək. Birinci növbədə xahiş edirik hər kəsdən ki, suyun pulunu vaxtlı-vaxtında ödəsinlər, gecikmə yaratmasınlar. Suda da heç bir problemimiz yoxdur, vaxtlı-vaxtında içməli su ilə də təmin eləmişik”.

Borclu abonentlər üçün ödənişi hissə-hissə etmək formasında güzəştlər də tətbiq edilir.

Vüsal Əsgərov- Gəncə Sukanal Törəmə Səhmdar Cəmiyyətinin şöbə rəisi: “Bildirişdə 13 rəqəmli kod nömrəsi yazılıb. Onu götürüb, poçta da yaxınlaşa bilərlər, onlayn ödənişlər də hər bir yerdə mümkündür. Tövsiyə edirik ki, iri borclar 800, 500 manat olanlar bir qismini ödəsinlər, qalanlarını idarəyə yaxınlaşsınlar, hissəli ödəniş protokolu təqdim edək. Aybaaya bölək və ödəsinlər”.

Nazirlər Kabinetinin qərarına əsasən əhali qrupu suyun 1 kubuna görə 60 qəpik, çirkab sulara görə 30 qəpik ödəniş edir. 

Elnur Vahidoğlu