• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 793
— 26.05.2023 16:09

Güclü yağış və sel ciddi fəsadlar yaradıb

KepezTV Player

Ötən gün axşam saatlarında Qərb bölgəsinə güclü yağış yağması nəticəsində yaranan sel ciddi fəsadlar törədib. Gəncədə şəhərin ən böyük park kompleksinin ərazisini, eləcə də əraziyə yaxın olan yaşayış evlərini sel suları basıb. Hazırda təbiət hadisəsinin fəsadlarının aradan qaldırılması istiqamətində işlər həyata keçirilir.

Ötən gün Gəncəyə yağan yağış və sel şəhərin Heydər Əliyev Parkına ciddi ziyan vurub. Parkın ərazisində eni 200 metr, dərinliyi təxminən 3 metrdən çox olan süni göl yaranıb. Həmçinin ərazidə olan atraksionlara zərər dəyib.

İntizam Əliyev- sahibkar: “Bütün avtodromlardakı maşınların motorları yanıb. Su ora ilə bir gedib. Su üçüncü piləkənlə gedirdi. Divarda izləri görsənir. Karusellərin hamısının motoru yanıb. Çox ziyan dəyib”.

Nihat Mehdiyev- sahibkar: “Kiçik bizneslə məşğulam. Axşam saat 8-9 radələrində sel gəldi. Fəsadlar çox böyük oldu. Ciddi ziyanımız var. Soyuducumuzu apardı. 2015-ci ildən çalışırıq, bu üçüncü hadisədir ki, şahidi oluruq. Ancaq heç vaxt belə ciddi fəsad verməmişdi”.

Sel parkda daha öncə yaradılmış süni gölü də daşırıb. Oradakı balıqları məhv edib. Ərazidə olan ağacların dibini yuyub, yaşıllığı sıradan çıxarıb. Lil səbəbi ilə həmin ərazidən keçmək mümkün deyil. Aidiyyəti qurumlar parkın lildən təmizlənməsi işlərinə başlayıblar. Sel suları Nizami prospektində yolun alt hissəsindəki iri borulardan axaraq parka yaxın yerləşən yaşayış evlərinə, həyətlərə də dolub. Ərazidə ciddi fəsadlar törədib, hasarları uçurub.

Günorta saatlarının olmasına baxmayaraq, bu əraziyə yenə də sel suları gəlir. Hazırda əraziyə canlı qüvvələr və texnikalar cəlb olunub. Ərazidə yaşayan təxminən 30-a yaxın mənzilə ziyan dəyib. Yaxınlıqda isə “VAZ 2106” markalı avtomobil batıb.

Sahib Əsgərov- sakin: “Qapıya Türkiyədən 90-a yaxın ağac gətirib əkdik, onu sel aparıb. Evi təmiz su basıb, hasarları sel aşırıb”.

Fövqaladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi, Mülki müdafiə qoşunlarının qüvvələri, eləcə də Göygöl Suvarma Sistemləri idarəsinin işçiləri tərəfindən sel sularının çəkilərək kənarlaşdırılması işləri aparılır. Ərazidə digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi də davam etdirilir. Emin Alıyev- Göygöl Suvarma Sistemləri İdarəsinin sahə rəisi: “Gələn sel sularını çalışırıq bizim Xan arxına verək. Parkın təmizliyi hələ ki, davam edəcəkdir. Yaşayış yerlərinə, həyətyanı sahələrə, eləcə də obyektlərə də ciddi ziyan dəyib”.

Gəncədə baş verən təbiət hadisəsi nəticəsində xoşbəxtlikdən xəsarət alan yoxdur. Hava şəraiti ilə əlaqədar aidiyyatı qurumlar əhalini ehtiyatlı olmağa çağırırlar.

Elnur Vahidoğlu