• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2323
— 26.05.2023 10:20

Sel 2 nəfəri aparıb, 3 nəfər xəsarət alıb, infrastruktura ziyan dəyib

KepezTV Player

Göygöldə güclü yağış rayonun Topalhəsənli kəndində fəsadlar törədib. İntensiv yağan yağışlar nəticəsində kənd ərazisində sel daşqını olub. Su axını kəndin içindən keçən və rayonla bir neçə kəndi birləşdirən yolda nəqliyyatın hərəkətində məhdudiyyətlər yaradıb. Təxirəsalınmaz tədbirlər həyata keçirilərək nəqliyyatın hərəkəti bərpa edilib. Bir neçə avtomobilə maddi ziyan dəyib. Yerüstü orta təzyiqli qaz xətlərinin zədələnməsi səbəbindən Göygöl rayonunun Topalhəsənli, Şəhriyar, Kərəmli və Aşağı Zurnabad kəndlərinin qaz təchizatı dayandırılıb. 952 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb. Ərazidə təmir-bərpa işləri davam etdirilir. Topalhəsənli kəndində Gəncə çayında baş vermiş sel axınına düşərək itkin düşən 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun meyitləri çayın Gəncədən keçən hissəsində tapılaraq adiyyatı üzrə təhvil verilib. Bununla yanaşı polis əməkdaşlarının köməkliyi ilə Gəncə şəhər sakinləri Vüsal Həziyev, Turac Məmmədova və Vüsalə Həziyeva çay axınından xilas edilib. Müxtəlif yüngül bədən xəsarətləri aldıqlarından onlara ilkin yardım göstərilib.

Gəncədə də yağan yağış nəticəsində yaranan sel suları şəhərin Yeni Gəncə qəsəbəsində yerləşən Heydər Əliyev parkı yaxınlığında parka gedən yolların birində hərəkətdə çətinlik yaradıb. Su axını parkdakı süni gölə dolub. Yaranan fəsadların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və digər qurumların nümayəndələri tədbirlər həyata keçirib.