• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 997
— 25.05.2023 16:12

Beynəlxalq festivalda təmsilçiliyi dram teatr edib

KepezTV Player

Gəncə Dövlət Dram Teatrı beynəlxalq festivaldan qayıdıb. Pandemiyadan ilk qastrol səfəri yaradıcı kollektiv üçün uğurlu olub. Teatr daha bir beynəlxalq festivala dəvət alıb və Türkiyəyə turneyə hazırlaşır. 

Gəncə Dövlət Dram Teatrı Türkiyənin Trabzon şəhərində keçirilən “İyirimi üçüncü Trabzon Beynəlxalq Teatr" festivalından qayıdıb. Beynəlxalq festivalda ölkəmizi təmsil edən yaradıcı heyət Rumun yazıçı Ejon İoneskonun "Kral ölür" tamaşasını nümayiş etdirib. Absurd janrda olan səhnə əsəri nəinki tamaşaçıların, münsiflərin də qəlbinə yol tapıb.

Aqil Bəhramlı- Gəncə Dövlət Dram Teatrının direktoru: “Biz oradan mükafatla qayıtdıq. Münsiflər heyətinin xüsusi diplomu var, onu ən yaxşı tamaşa kimi bizim kollektivə verdilər. Ayın 18-ndə bir daha tamaşanı oynadıq. Zal tamaşaçılarla dolu idi. Çox iftixar hissi keçirdim. Kollektimizə təşəkkür edirəm”.

Elxan Yunis- Əməkdar artist: “Tamaşada “kral”ı canlandırıram. Bu, mənim üçün fərqli bir obrazdır. Nə qədər ağır bir pyesdir. Bizim aktyorlara eşq olsun ki, rejissorun verdiyi tapşırıqların hamısının öhdəsindən layiqincə gəldilər”.

Kəmalə Məmmədova- Əməkdar artist: “”Kraliça Marqarita” obrazını yaradırdım. Bu, Gəncə Teatrına yox, rejissorun xüsusi quruluşu ilə bütöv Azərbaycan teatırına yenilik gəldi. Bizim teatrda yeni ruh və nəfəs yarandı”.

Günay Cabbarova- aktrisa: “”Kraliça Mariya” həyat eşqi rəmzidir. Orada qayğı göstərməlisən, həm sevgi göstərməlisən, həm kralın ölümü ilə bağlı o həyəcanı yaşamalısan. Rejissorun, kollektivin köməkliyi ilə öhdəsindən gələ bildim”.

Berenje krallığında cərayan edən hadisələrdə krala deyirlər ki, 1 saat 40 dəqiqədən sonra öləcək. Kral əvvəlcə buna inanmasa da sonradan hadisələrin onun üstünə gəldiyini görür. Tamaşanın sonunda o, bununla barışmalı olur və kral yox olur. Tamaşanın Türkiyədə böyük rəğbətlə qarşılanması yaradıcı heyəti ruhlandırıb.

Sevda Orucova- Əməkdar artist: “On ildən artıq Gəncə Dövlət Dram Teatrı Türkiyə festivallarında iştirak edib. Amma builki, festivalımız tam fərqli oldu. Türkiyədə tamaşaçılar tərəfindən çox layiqincə qarşılandı”.

İlham Hüseynov- aktyor: “Bu tamaşanı Türkiyədə oynadıq, gözəl, qarşılıqlı anlayışla qəbul olundu. Bu, məni şəxsən bir insan, aktyor kimi xoşbəxt elədi ki, onlar bizi başa düşdü”.

Ruslan Hüseynov- aktyor: “Orada bizi ilk öncə tamaşaçıların qarşılamağı, bizim tamaşaya diqqətlə baxmağı, inandırım sizi, hər kiçik detala diqqətlə baxmaqları bizi də təəccübləndirirdi”.

Yusif Cəfərov- Avrasiya Teatrlar Birliyinin Azərbaycan təmsilçisi: “Oktyabr ayında Ankara və İstanbul Beynəlxalq Festivallarına dəvət almışıq və orada iştirak edirik. Eyni zamanda Aqil müəllimlə düşündük ki, turne edək. Ankarada, eləcə də 4-5 şəhərdə biletlərimiz satılsın, orada tamaşalarımız nəzərdə tutulub”.

Yaradıcı heyət mayın 27-də “Kral ölür” tamaşasını Bakıda Akademik Rus Dram Teatrında nümayiş etdirəcək. Bundan başqa gələn ilin mayında isə Azərbaycanda ilk dəfə olaraq Gəncə Dövlət Dram Teatrının yaradıcı heyəti İspaniya və Portuqaliyadakı festivallara yollanacaq.  

Elnur Vahidoğlu