Gəncədə son bir aya yaxındır ki, Uşaq Xəstəxanasına müraciət edənlərin sayı kəskin olaraq artıb. Gün ərzində pediatrlar təxminən 300-ə yaxın uşağı müayinə edərək müalicələr təyin edirlər. Müxtəlif yaş qrupunda olan uşaqların xəstəxanada stasioanar müalicələri də həyata keçirilir. Mütəxəssislər yayılan viruslarla bağlı valideynləri ehtiyatlı olmağa çağırırlar.
Uşaqlar arasında yayılan viruslar adeno, rona, rotaviruslardır. Bu virusların əsas əlamətləri uşaqlarda öskürək, qusma, yüksək hərarət və ishal hallarıdır. Xəstələrdə ağrı, halsızlıq, iştahsızlıq da müşahidə edilir.
Həqiqət Həsənova- valideyn: “Bir həftə idi gətirirdik, sistem qoşdular. Göygöl rayonundan göndərişlə göndərdirlər ki, boğazı şişib uşaq xəstəxanasında yatmalıdır. Hamıya məsləhət görürəm ki, xanımlar uşağa nəzarət etsinlər. Qızdırma, halsızlıq, ürəkbulanma, qusma əlamətləri var idi. İndi şükür yaxşıdır”.
Amaliya Nərimanova- valideyn: “Nəvəmi ayın 20-dən öskürəklə gətirmişdim. İndi yaxşıdır, problem yoxdur”.
Aidə Mustafayeva- valideyn: “Doqquz gündür uşaq qızdırmalı idi. İndi şükür yaxşıdır. Həkimlər gəlib-gedir, sabah çıxacağıq. Qızdırma, öskürək və ayaq işləməsi var idi. Hamısı virusdur, gəzir, bir də ciyərlərində allergiya var”.
Həkimlər sadalanan əlamətləri uşaqlarda hiss etdikdə dərhal həkimə müraciət etməyi tövsiyə edirlər. Bu, xəstənin müalicəsinin vaxtında və düzgün aparılması üçün olduqca vacibdir.
Səbuhi Həsənov- Gəncə şəhər Uşaq Xəstəxanasının baş həkimi: “Ətraf mühitin temperaturunun kəskin dəyişmələri ilə virus infeksiyalarının artması müşahidə olunur. Son dönəmlərdə yüksək temperaturların uzun müddət davam etməsi, bəzi uşaqlarda hətta bir həftəyə qədər hərarətin davam etməsi, qusma hallarının təkrarlanması ilə xəstələr müraciət edir. Təbii ki, xəstələrin sayına təsir edir. Valideynlərdən xahiş olunur ki, xəstəxanaya tez müraciət eləsinlər. Çox ağırlaşdırmasınlar. Özləri də gigiyenik qaydalara riayət eləsinlər. Əllərin yuyulması, qablarının ayrılması, otağın havasının dəyişdirilməsi, təmiz havaya çıxardılması tövsiyə olnur”.
Hazırda Gəncə şəhər Uşaq Xəstəxanasında təxminən 50-yə yaxın uşağın stasionar müalicəsi həyata keçirilir.
Elnur Vahidoğlu
- Baxış: 364