• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1387
— 23.05.2023 20:30

Uşaq hüquqlarının mediada qorunmasından danışılıb

KepezTV Player
Gəncədə "Audiovizual mediada uşaq hüquqlarının müdafiəsi” mövzusunda dəyirmi masa baş tutub. Audiovizual Şuranın təşkilatçılığı ilə keçirilən görüşdə regional televiziya kanallarının əməkdaşları ilə yanaşı dövlət qurumlarının və QHT təmsilçiləri iştirak edib. Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində təşkil olunan tədbirin əhəmiyyətindən danışılaraq, hazırda uşaq hüquqlarının müdafiəsinin dünyada da ən aktual məsələlərdən biri olmasına diqqət çəkilib. Yetkinlik yaşına çatmayan uşaqların müxtəlif problemləri, valideyn himayəsindən məhrum olan uşaqlar, təhsildən yayınma halları, çətin tərbiyə olunan uşaqlar, cinayətkarlığa meyilli uşaqlarla bağlı problemlərdən söz açılıb, belə halların qarşısının alınması üçün maarifləndirmə işlərinin əhəmiyyətindən danışılıb. Konstitusiyanın 17-ci maddəsinin birbaşa uşaq hüquqlarının və mənafelərinin qorunmasını özündə əks etdirdiyi, dövlət proqramları və milli fəaliyyət planlarının uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, tənzimlənməsi, həyata keçirilməsi, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımı həyat səviyyəsinin təmin olunması sahəsində inkişafı hədəflədiyi vurğulanıb. "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı"nın əsas icraçı qurumlardan birinin Audiovizual Şura olduğu xatırladılıb. Yayım zamanı uşaq hüquqlarının qorunması istiqamətində audiovizual yayımçıları cəlb etməklə görülən işlər haqqında məlumat verilib və bu sahədə audiovizual media subyektlərinin üzərində düşən vəzifələrdən danışılıb. "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikası Qanununun icrası istiqamətində görülən işlər barədə məlumat verilib. İştirakçılara uşaqlara yönələn informasiyaya dair jurnalistlərin peşə davranışı qaydalarının tələbləri və problemin həll yolu kimi jurnalistlərin peşəkarlığının artırılması istiqamətində atılan və nəzərdə tutulan addımlar haqqında ətraflı danışılıb. Dəyirmi masa qarşılıqlı fikir və təcrübə mübadiləsi, dialoq və müzakirə formatında keçib.