• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1958
— 22.05.2023 20:01

Hədəf 5600 ton baramadır

KepezTV Player

Dövlət tərəfindən baramaçılığın inkişafına göstərilən diqqət və qayğının nəticəsidir ki, bölgələrdə də bu sahəyə maraq artır. Elə buna görə də bu təsərrüfat ilində aqrar rayon olan Goranboyda kümçülərin sayı artaraq 62-yə çatıb. Vaxtlı-vaxtında tut ipəkqurdlarına qulluq edən kümçülər bu il məhsulu çox götürməyi qarşılarına məqsəd qoyublar. 

Artıq 5 ildir ki, baramaçılıqla məşğul olan Goranboy rayon Xanqərvənd kənd sakin Adil Şirinov rayondakı 62 kümçüdən biridir. Təsərrüfatçı ilbəil bol məhsul götürdüyü üçün, üstəlik də satışda heç bir problem yaşamadığına görə, aprel ayının sonunda dövlət tərəfindən 9 qutu tut ipəkqurdu götürüb, ailəsi ilə birlikdə tut ipəkqurdalarına qulluq edirlər. Vaxtlı-vaxtında yemləmə aparılır, otaq temperaturu isə eyni qaydada saxlanılır. Kümçü qulluq etdiyi tut ipəkqurdlarından ayın sonuna 500 kq baramanı verməyi planlaşdırır.

Adil Şirinov- kümçü: “Goranboy rayonunun kəndlərinə müqavilə əsasında paylanış elədik. Bir ayada başa gəlir. Tez bir zamanda başa gəldiyi üçün xeyirlidir. 10 nəfərə yaxın işçi var. Hər biri buradan dolanır. Baramanın hazırda 5 gün vaxtı qalıb. Daha sonra üstü basdırılacaq, 8 gündən sonra yığılacaqdır. Aparıb məhsulumuzu təhvil verəcəyik”.

Aysel Hətəmov- işçi: “İlk gündən olaraq götürmüşük və böyüdüb, bu səviyyəyə çatdırmışıq. Bramaçılıq çox sadə bir şəkildə həyata keçirilir. Heç bir çətinliyi yoxdur. Son nəticə olaraq da yüksək nəticə əldə etməyi gözləyirik. Sadəcə olaraq, bol məhsuldarlıq üçün düzgün qulluq lazımdır. Bir ailənin onu götürüb bəsləməsi, sonra da böyük gəlirlər əldə etməsi mümkündür. Bununla fəxr duyuram ki, baramaçılığın inkişafında xeyrim var”.

Artıq tut ipəkqurdlarının ikinci yemləmə prosesi gedir. Bir neçə gündən sonra isə üçüncü yemləməyə başlanılacaq. Ardından isə qurdların şaxa çıxma prosesi olacaq. Ümumilikdə isə bir qutu qurd 1,5 ton tut yarpağı yeyir. Mövsümün sonunda isə təxminən bir qutudan 50 kq barama götürmək mümkündür.

Tut ipəkqurdları gün ərzində üç dəfə yemlənilir. Kümçülər çəkil bağlarında tut ağaclarının budaqlarını kəsərək gətirib, tut ipəkqurdlarının üzərinə qoyurlar.

Baramaçılığın inkişafı üçün dövlət tərəfindən də kümçülərə güzəştli şərtlərlə subsidiyalar verilir. 

Asif Kazımov- Goranboy DAİM-in direktoru: “Barama mövsümü başlamamışdan öncə kümxanalarda dezinfeksiya işləri aparılmışdı. Ölkədə baramaçılığın və ipəkçiliyin inkişafında dövlət dəstəyi kümçülərin bu sahəyə marağını daha da artırır. Kümçülərlə bağlanan müqaviləyə əsasən, qəbul məntəqələrinə təhvil verdikləri hər kiloqrama görə 5 manat, dövlət tərəfindən isə 6 manat subsidiya ödənilir. Bu isə qısa zamanda kümçülərin gəlir əldə etməsinə zəmin yaratmış olur. Rayon ərazisində yem bazasının genişləndirilməsi istiqamətində 30 min ədəd tut tingi əkilmişdir”.

Bu il nazirlik tərəfindən 62 kümçüyə 140 qutu tut ipəkqurdu verilib. Edilən düzgün qulluq onu deməyə əsas verir ki, təxminən 5600 ton barama təhvil veriləcək. Prosesə mayın sonu, iyunun əvvəlindən başlanılacaq.

Elnur Vahidoğlu