• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1777
— 15.05.2023 12:30

Ailədə qız övladlarına münasibət

KepezTV Player

Mən göydə parlayan günəş deyiləm, şəkildən-şəkilə düşən bulud da ola bilmərəm. Torpaq qədər yaradıcı qüvvəm də yoxdur. Ancaq gərək hamı bilsin ki, mən bütün bunları qəlbimin istisində yaşatmağı bacaran insanam. Kiçik bir qızam. Bu kainatın bir parçası olan, tamamlanan, tamamlayan varlığam. Məni necə özünüzə, cəmiyyətinizə artıq bir yük kimi görə bilərsiniz ki?!

Hüseynlə Xədicə yer üstündə dalaşır:

 - Hüseyn: Dur, mən oturum.

  - Kənar səs: Xədicə, imkan ver qardaşın otursun.

  - Xədicə: Ay ana, mən oturmuşdum, Hüseyn gəlib, məni durğuzdu.

  - Kənar səs: Yekə qızsan! Yer qəhətdir? Dur, qardaşın otursun, uşağı incitmə!

“Bəs mən? Niyə heç vaxt kimsə məni incitməkdən qorxmur? Böyük filan da deyiləm, nə vaxt böyüdüm axı mən?!”

  - Xədicə: Ana, xahiş edirəm, qoy məktəb uşaqlarıyla gəzintiyə mən də gedim.

- Kənar səs: Yox, sənin hələ gəzmək yaşın deyil.

  - Xədicə: Axı keçən dəfə Hüseyni getməyə qoydun?

Deməli belə! Məsələ yaş deyilmiş. Sadəcə qardaşıma olar, mənə yox!”

 - Kənar səs: Buraları nə günə qoymusunuz?! Xədicə, dur, tez yığ!

  - Xədicə: Ana, hər yanı Hüseyn dağıdıb.

  - Kənar səs: Nə olsun? Qız uşağı dediyin, təmizkar olar. Qardaşındır, dağıdıb-dağıdıb, sən yığmalısan. Xədicə, qardaşına yemək isit. Onu qoru. Ora olmaz, Xədicə. Oğlan uşağıdır, ona hər şey olar. Sən qız uşağısan, sənə olmaz! Olmaz! Olmaz!..

“Niyə olmaz? Yaşamağa ən az hər kəs qədər haqqı olan qızların var olmaq, xoşbəxt olmaq haqqları niyə əllərindən alınır? Niyə qız uşaqları hətta doğulmamışdan ölümə məhkum edilir? Tərəddüdsüz abort olunur. Deyəsən, bu gerçəyi unuduruq ki, qadın olmasa, insan dünyaya gəlməzdi. Qadın olmasa, həyat olmazdı!”

  Amma qadına həyat olsaydı, səmada günəş bir başqa cür parıldayardı, buludlar göy üzündə ən gözəl şəklini alardı. Torpaq hər ona toxunana nəfəs olardı, ruhunda çiçəklər açdırardı. Çünki, qadın gülərdi...

Aysel Abbasova