• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1920
— 09.05.2023 10:05

Faşizm Üzərində Qələbə Günü ədəbiyyatımızda

KepezTV Player

Ta qədim zamanlardan bu günə qədər xalq olaraq bir çox müharibələrə şahid  olaraq böyümüşük. Hər zaman oxuduğumuz  və eşitdiyimiz bu şanlı tarix yolu  ədəbiyyatımıza da təsirsiz ötüşməyib.

Ləman Zeniyeva- Azərbayca dili və ədəbiyyat müəllimi: “Əldə silah düşmənə qarşı vuruşan yazıçı və incəsənət xadimlərimiz də az olmamışdır. İsmayıl Şıxlı, Ənvər Əlibəyli, Böyükağa Qasımzadə, Zeynal Cabbarzadə və başqa yazıçı və şairlərimiz döyüş cəbhələrində vuruşmuş, onlardan sağ qalanlar iştirakçısı olduqları dəhşətli müharibə səhnələrini əks etdirən təsirli əsərlər yaratmışlar.

Müharibə dövründə hər üç ədəbi növdə maraqlı bədii nümunələrin yaradılması diqqəti çəkir. İlk çağlarda daha çox lirik şeirlərin yazılmasına isə təbii baxmaq lazımdır. Nəsr və dramaturgiya nümunələri bir müddət sonra yaradılmağa başlandı.

Müharibənin birinci aylarında yazılan lirik şeirlərdə səfərbərliyə, düşmənə qarşı mübarizəyə çağırış ruhu ifadə edilirdi. S.Vurğun, S.Rüstəm, R.Rza, M.Rahim, zaman irəlilədikcə lirik şeirlərin ideya-məzmununda dəyişiklik müşahidə olunurdu. İstər arxa, istərsə də ön cəbhədə fədakarlıq göstərən insanın mənəvi aləminin açılmasına, hiss və duyğularının ifadəsinə diqqət yetirilirdi. S.Vurğunun “Ananın öyüdü”, S.Rüstəmin “Ana və poçtalyon”, “Gün o gün olsun ki”, R.Rzanın “İntiqam” kimi şeirləri dillər əzbəri oldu.

Yaranmaqda olan nəsr əsərlərinin başlıca mövzusu həm ön, həm də arxa cəbhə idi. Lakin bu əsərlərdə daha çox arxada çalışan insanların həyatı, əməyi, həyəcanları əks etdirilirdi.

S.Vurğunun “İnsan”, R.Rzanın “Vəfa” və s. dram əsərləri isə müharibə mövzusunda yazılmışdır. S.Vurğun “İnsan” əsərində müharibəni xeyirlə şər arasında gedən mübarizə kimi mənalandırır və insanlığın bu amansız bəladan uzaqlaşmasını arzulayırdı. R.Rza “Vəfa” pyesində Bahadır və Vəfa obrazlarının timsalında ön və arxa cəbhədə insanların qarşılaşdıqları çətinliklərə, ağır sınaqlardan üzüağ çıxmalarına diqqəti çəkmişdir.

Müharibə mövzusuna sonrakı dövrlərdə də müraciət olunmuş, yüksək bədii dəyərli əsərlər yaradılmışdır”. 

Ortadadır həqiqət,
Yurdum azad nəhayət.
Sevinəcək bu millət,
Gözün aydın, ey Vətən!

Bəli, elə bu misralardan da qələbənin necə də gözəl olduğunu, ancaq böyük qurbanlar bahasına başa gəldiyini də çox yaxşı bilirik. Vaxtı ilə öz həyatını vətəni üçün heçə sayıb həyatda olmayanlara Allahdan rəhmət, yaşayanlara isə can sağlığı arzulayırıq.

Lalə Bağırova