• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1619
— 09.05.2023 10:25

9 May - Qələbə Günü kinomuzda

KepezTV Player

Dünyanı lərzəyə salan elə müharibələr var ki, baş verib bitdikdən sonra belə sarsıntıları illərlə hiss edilməyə davam edir. Bu mənada, ən böyük əks-səda doğuran, şahid olmasaq da təsirləri hələ də həyatımıza toxunan İkinci Dünya müharibəsindən xüsusilə bəhs etmək lazım gəlir.

Bütün dünyanın taleyini dəyişən bu tarixi hadisə insanlara müharibə ruhunu aşılamağa, onları vətənpərvərliyə səsləməyə və vətənləri üçün fədakarlığa çağırmağa əsas oldu. Odur ki, təbliğat məqsədilə sözügedən mövzulara kinematoqrafiyada geniş yer verilib və ölkəmizdə də belə qəbildən bir çox film çəkilib.

Onların sırasında yer alan “Bakıda küləklər əsir” filmində dünya müharibəsi illərində Bakı neftinə can atan faşistlərin məkrli niyyətləri, təxribatçılara qarşı çekistlərin apardıqları mübarizədən danışılır. Beynəlmiləlçilik və xalqlar dostluğu kino əsərinin əsas mövzularındandır.

Dünyanın 100-dən çox ölkəsində nümayiş etdirilən “Uzaq sahillərdə” filmi Azərbaycan xalqının şanlı oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin İkinci Dünya müharibəsi illərində İtaliya vəYuqoslaviyada faşist işğalçıları ilə döyüşünə həsr edilib və mükafata layiq görülən filmlər arasındadır.

Azərbaycan xalqının rəşadətli oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən, tank qoşunları general-mayoru Həzi Aslanovun həyat və döyüş bioqrafiyasının səhifələri “Sizi dünyalar qədər sevirdim”də kino dili ilə yenidən yazılır. Burada hadisələr I Pribaltika cəbhəsində axırıncı döyüş zamanı həlak olan Həzi Aslanovun ömrünün son günlərində cərəyan edir.

Eyni zamanda “Bizim Cəbiş müəllim”, “Şərikli çörək”, “Mən ki, gözəl deyildim” kimi bir çox mükafatlara layiq görülən və sevilən Azərbaycan filmlərində də İkinci Dünya müharibəsinin motivlərinə rast gəlmək mümkündür.

Müharibənin arxa cəbhədəki xalq üçün nə demək olduğu belə filmlər vasitəsilə aydın şəkildə izləyicilərin diqqətinə çatdırılır. 

Tarixi yaşatmaq, ancaq yenidən yaşamamaq üçün, yəqin ki, keçmişi gözlərimizin önündə canlandırdığına görə kinonun həyatımızdakı mövqeyi danılmazdır.

Aysel Abbasova