• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2225
— 08.05.2023 12:18

Beynəlxalq Talassemiya Günü

KepezTV Player

8 may - Beynəlxalq Talassemiya Günüdür. Azərbaycan da talassemiyanın geniş yayıldığı ölkələr sırasındadır. Hər il respublikada 200-dən artıq uşaq bu xəstəliklə doğulur. Bir-biri ilə yaxın qohum olan gənclərin ailə qurması gələcəkdə ağır patologiyalı, o cümlədən talassemiyalı uşaqların doğulmasına səbəb olur. Ata və ana hər ikisi talassemiya daşıyıcıları olduğu təqdirdə, onların dünyaya gətirdikləri körpə ağır formalı talassemiya xəstəsi ola bilər. Çünki, bu xəstəlik irsi xarakter daşıyır.

Ailə bəzən sevgi, tanışlıq, bəzən də qohum münasibətləri üzərində qurulur.  Ancaq çox təssüf ki, qohum evliliyinin yaratdığı fəsadlar haqqında məlumatımız yoxdur.  Gəlin görək, mütəxəssisimiz bizə bu haqda nə məlumat verəcək.

Gülnar Səmədova- Ginekoloq: “Hamilələr bizə müraciət etdiyi zaman, verdiyimiz ilk sual o olur ki, qohum evliliyi varmı, varsa neçənci dərəcəli qohum evliliyidir? 1-ci dərəcə, 2-ci dərəcəli qohum evliliyi.  Bunu nə üçün soruşuruq, çünki, qohum evliliyində ola biləcək genetik xəstəliklərin riski artır. Xətdə nadir görülən xəstəliklərin olma ehtimalı artır və hamiləlik zamanı bunu görməyimiz çox çətindir. Daha çox doğumdan sonra- 3-5 ayında müşahidə etmək olur.  Bunu, ancaq doğumdan sonra, topuq qanı testi ilə bilmək olar. Evlilikdən öncə, müayinədən keçdikdə, hər ikisi talassemiya daşıyıcısı olduqları təqdirdə, o zaman uşaqlarında talassemiya olma ehtimalı 25%-dir və bu, çox yüksək bir faizdir. Yəni qohum evliliyi quracaq gənclər, öncədən nəzərə almalıdırlar və bilməlidirlər ki, dünyaya gətirəcəkləri uşaqların ömür boyu xəstə olmaq və ömrü boyu müalicədən asılı olmaq ehtimalı yüksəkdir”.

Müalicə metodları xəstəliyin ağırlıq dərəcəsindən asılıdır. Xəstənin müalicəsi üçün qırmızı qan hüceyrələrinin köçürülməsi, sümük iliyinin transplantasiyası, müəyyən medikamentlər və bəzən dalağın və ya öd kisəsinin götürülməsi kimi cərrahi əməliyyatlar icra olunur. Həmçinin, ayda bir dəfə dəri altına dərman yeritməklə qanın laxtalanmasını normal vəziyyətə salmaq və xəstənin tam sağlam yaşamasını təmin etmək olur.

Günay Əsgərova