• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1624
— 05.05.2023 10:26

İstiqlal sevdalısı Əhməd Cavad

KepezTV Player

1937-ci il Repressiya dalğasının qurbanı olan, istiqlal sevdalısı Əhməd Cavad yaradıcılığı...

Həyatda elə insanlar var ki, onların öz işıqlı əməlləri ilə xalqın qəlbində əbədiləşir və ölməzliyi qazanırlar. 20-ci əsr Azərbaycanın ictimai-ədəbi görkəmli nümayəndələrindən olan Əhməd Cavad da məhz belə şəxsiyyətlərindəndir.

Məhəbbət Abdullayeva - Azərbaycan dili və ədəbiyyat müəllimi: “Azərbaycan Demokratik Cümhuriyyətinin nəğməkar şairi Əhməd Cavad 1892-ci ildə mayın 5-də Şəmkir rayonunun Seyfəli kəndində anadan olmuşdur. İlk təhsilini öz doğulduğu kənddə alandan sonra o, az müddət orda yaşamasına baxmayaraq, Gəncəyə köçmüşdür. Gəncədə yaşadığı müddətdə Demokratik Cümhuriyyətin ən fəal öndə gedən rəhbərlərindən biri olmuşdur. Eyni zamanda Gəncə məktəblərində müəllim kimi fəaliyyət göstərmiş və Gəncə Dövlət  Xalq Təsərrüfatı Universitetində həm dosent, həm də kafedra müdiri olmuşdur. Əhməd Cavad şair olmaqla yanaşı inqilabi fəaliyyəti seçilmiş, Cümhuriyyətin qurulmasında, yaranmasında çox böyük fəaliyyəti olmuşdur. Hətta Məhəmməd Əmin Rəsulzadə onu özünə mənəvi oğulluğa götürmüşdür. Əhməd Cavadın yaradıcılığına nəzər salsaq, onun yazdığı əsərlər indi də orta məktəblərdə təbliğ olunur, tədris olunur və sevilir. Hətta onun həyat yoldaşı türk əsilli Şükriyyə xanım öz xatirələrində yazırdı. Əhməd Cavadı 1937-ci ildə repressiyaya məruz qoymuşdular. Çünki, onun yazdığı əsərləri, fikirləri, amalı, onun quruculuq yolu, fəaliyyəti o dövrki Sovet hakimiyyətini narazı salırdı. Ona görə ki, önünü görən, qabaqcıl, öz xalqının azadlığı uğrunda mübarizə aparan bir sənətkar olmuşdur. Əhməd Cavad həbsdə olarkən Şükriyyə xanıma belə bir təklif gəlmişdi ki, sən həyat yoldaşından boşan, biz səni və uşaqlarını sürgündən azad edək. Ancaq Şükriyyə xanım cavabında – “Yox, mən bunu ona edə bilmərəm. O, həbsdə ola-ola ondan boşana bilmərəm”, demişdir. Şükriyyə xanım övladlarıyla birlikdə çox zülümlər çəkib. Biz də Şükriyyə xanımın sağlığında məktəb müdiriyyəti ilə birlikdə onun ziyarətinə getmişdik. Düzdür, özü söyləməsə də, yaxınları onun həyatı haqqında bizə məlumat vermişdilər. Əhməd Cavadın Azərbaycan ədəbiyyatına bəxş etdiyi bir “Qoşma”, bir də “Dalğa” kitablarında şeirlər, əsərlər oxunanda, doğurdan da, onun bir azadlıqsevər nəğməkar olduğunu, onun yazdığı şeirlərə bəstələnən musiqilərin də mügənnilər tərəfindən indi də sevilə-sevilə oxunmasının şahidi oluruq. Nə qədər müddət keçməsinə baxmayaraq , Əhməd Cavadın əsərləri yenə də məktəblərdə sevə-sevə tədris edilir”.

                                                                             

Mən kiməm” şerindən bir hissə:

Soranlara mən bu yurdun,
Anlatayım nəsiyəm:
Mən çeynənən bir ölkənin
Haqq bağıran səsiyəm.                 

Bəli, xalqının azadlığı uğrunda "xalq düşməni" damğası ilə güllələnən Əhməd Cavad, zaman gəldi ki, xalqının qəhrəmanı kimi yenidən tarixin səhnəsində öz yerini, layiq olduğu zirvəni tutdu. Azərbaycan var olduqca, bu yer onun olacaq!

Lalə Bağırova