Ölkəmizdə daha çox vəsvəsə, təmizlik xəstəliyi olaraq bilinən, köhnə adı ilə Sayrışan Hallar Nevrozu kimi adlandırılan Obsessiv Kompulsiv Pozuntu şüuraltımızın bizə oynadığı bir oyundur.
Bu təhlükəli oyun insanın iradəsinə zidd şəkildə yaranan və beyni yoran obssesiyalardan qurtulmaq üçün onda bəzi təkrarlanan vərdişlər yaradır. Elmi adı ilə desək, şəxsdə həyəcan və narahatlıq formalaşdıran düşüncələr obsessiyalar, onları beyində susdurmaq üçün verilən reaksiyalar isə kompulsiyalardır.
Cinsiyyətindən, sosiyal vəziyyətindən, təhsil səviyyəsindən asılı olmayaraq, hər kəsdə bu xəstəlik görülə bilər. Dünya Səhiyyə təşkilatının verdiyi məlumata əsasən hər 1000 nəfərdən 12-si Obsessiv Kompulsiv pozuntudan əziyyət çəkir. Azərbaycanda isə təxminən 12000-ə yaxın insan bu narahatlığı yaşayır.
Xəstəliyin yaranmasında bioloji, psixoloji faktorlar əsas rol oynayır. Uşaqlığında həddən artıq təzyiq və intizam altında yetişdirilən uşaqların xəstəliyə tutulma riski daha yüksəkdir. Eyni zamanda yetkin bir insanın sosial və ailə mühitində yaşadığı stressə səbəb olan dəyişikliklər, eləcə də sevilən birini itirmək, iş həyatındakı problemlər, insanlarla münasibətdə yaşanan travmalar da bu pozuntunun yaranmasına zəmin yarada bilər.
Haqverdi Novruzov– Obsessiv Kompulsiv pozuntudan əziyyət çəkən şəxs: “Məndə axır vaxtlar bəzi vəsvəsələr yaranıb. Məsələn, evdən çıxıram, fikirləşirəm ki, qazı, işığı söndürmüşəmmi? Belə içimdə qorxular olur. Qayıdıb yoxlayıram ki, sönülüdür, ya yox. Əvvəllər elə bilirdim ki, bu, adi bir şeydir. Keçər, sonra gördüm ki, yox getdikcə artır. Əvvəllər 1 işi 5 dəqiqəyə görürdümsə, indi yarım saata görürəm”.
Obsessiyaların müxtəlif növləri olur. Kirlənmə obssesiyası təmizlik kompulsiyası şəklində özünü göstərir. Şəxs hər şeydən iyrənməyə və daimi olaraq əllərini yuyub, ətrafı dezinfeksiya etməyə meylli olur. Xəstəliyin başqa bir növü olan şübhə obsessiyasının insanda yaratdığı təsir isə kontrol kompulsiyasıdır. Beyində formalaşan hər pis fikrin reallaşacağına ehtimal verən şəxs bu hadisələrin yaşanmasına imkan verməmək məqsədilə bir işi etdikdən sonra onun düzgün yerinə yetirilib-yetirilmədiyini dəfələrlə yoxlayır. Simmetrik, toxunma və sayma obsessiyası olan insanlar da düşünür ki, qarşılarına çıxan obyektləri sayıb, simmetriyaya önəm verməsələr, nəsə pis hadisə olacaq.
Haqverdi Novruzov– Obsessiv Kompulsiv pozuntudan əziyyət çəkən şəxs: “Telefonuma zəng gəlir, ilk olaraq ağlıma pis şeylər gəlir, ürəyim əsir ki, görəsən, kiməsə nəsə olub? Bu hadisələr dostumun qəzaya düşmə xəbərini alandan sonra başlayıb, deyəsən. İndi hər zəng gələndə qorxuram ki, görəsən, kiməsə nəsə olub. Fikirləşirəm ki, bu hadisədən qurtulmaq üçün həkimə müraciət edim. Mütəxəssislərdən soruşmaq istəyirəm ki, bu narahatlığın yaranma səbəbi yaşadığım travma ola bilərmi, ondan tam qurtula bilərəmmi?”
Kənardan necə də ironic görünür, deyilmi? Halbuki insanı özü ilə ziddiyyətə salan bu narahatlıq tədricən formalaşır və insan şüurunu nəzarət altına alır deyə bir mərləhədən sonra onunla savaşmaq olmur. Və insan obssesiv-kompulsiv pozuntunun yaratdığı güclü təsirə yenilir, davranışlarına olan idarəetməni itirir. Nəticə isə təəssüf doğurur.
İnsan psixologiyası külək kimidir. Bir anda istiqaməti və axın sürəti asanlıqla dəyişə bilər. Sadəcə yenilməmək lazımdır. O küləyə də, onun yaradığı fəsadlara da. Xoş diləklərlə. Xoş sabahlar!
Aysel Abbasova
- Baxış: 328