• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1592
— 28.04.2023 11:52

Təhlükəli göz xəstəlikləri hansılardır?

KepezTV Player

Tibbi texnologiya yüksək inkişaf etdikcə, aparılan tədqiqatlar insan gözlərinin əslində necə böyük möcüzə olduğunu söyləməyə əsas verir. Ancaq bizlərə bəxş edilən bu möcüzəni qoruyub saxlamaq bəzən o qədər də asan olmur. Hər kəs bilir ki, beyinə daxil olan informasiyanın 90 faizi gözün payına düşür. Ona görə də yaranan kiçik problemlər insanın yaşam keyfiyyətini aşağı salır. Gözdə yaranan bəzi xəstəliklərin çox sadə müalicəsi olur, lakin elələri olur ki, onlar təhlükəli göz xəstəlikləri siyahısına aid edilir.

Qafar Tağıyev - Tibb üzrə fəlsəfə dokturu: “Bu gün ən çox yayılmış xəstəliklərdən olan “diabetik retinopatiya”- şəkərli diabetin göz fəsadıdır. Necə ki, şəkərli diabetin tam müalicəsi yoxdur, gözdə yaratdığı fəsadın da tamamilə müalicəsi yoxdur. Amma vaxtında müraciət olunarsa, pisləşmənin qabağı alınır, xəstələr uzun müddət - demək olar ki, ömürlərinin axırına qədər yaxşı görə bilirlər. Gözdə təhlükəli xəstəliklərdən ikincisi qlaukomadır. Yəni, gözdaxili təzyiqin yüksəlməsi nəticəsində görmə sinirinin quruması, atrafiyası adlanır. Bu xəstəlik də lal keçdiyi üçün insanlar gec müraciət edir və görmənin çox pisləşdiyi vaxt müraciət etdikdə, artıq biz onlara kömək edə bilmirik”.

Xəstə: “Sol gözümdə kəskin ağrılar var idi. Həkim bildirdi ki, zəif gördüyü üçün yorulur və buna görə də ağrılar yaranır. Həmçinin, künclərdə atmalar olurdu, həkim bunun zəiflikdən yox, başqa səbəblərdən olduğunu bildirdi”.

Xəstə: “Gözümdə elə çox ağrılar olmur, sadəcə mütaliə edərkən bəzən gözümdə bulanıqlaşma, bəzən gözün yaşarması olur. Uzaq görmə ilə bağlı problemlərim var idi. Həm də əvvəl damcı müalicəsi oldu, sonra da eynək ilə təmin olundum. Artıq 3 ilə yaxındır ki, yaxşı nəticə əldə etmişəm”.

Çox geniş yayılan göz xəstəliklərindən biri də çəpgözlükdür. İşinin mütəxəssisi olan digər müsahibimiz çəpgözlüyün yaranma səbəbi və necə müalicə edildiyi haqda məlumat verəcək.

Elçin Əsgərov- həkim-oftalmoloq: “Çəpgözlük uşaqlarda zəif görmənin erkən əlamətlərindən biridir və əksərən kiçik yaşlı uşaqlarda daha çox təsadüf olunur. Çəpliyin əsas səbəblərindən biri zəif görmə ilə bağlı olur. Yəni əksər hallarda belə olur. Bəzən isə göz hipotologiyası ilə əlaqədardır. Ona görə də uşaqlarda  çəplik müəyyən edildikdən sonra mütləq həkim müayinəsindən keçirilməlidir. Çəpliyin müalicəsinə gəldikdə isə, əsas müalicə metodu eynək korreksiyasıdır və əgər uzun müddət eynək ilə düzəlmirsə, o zaman cərrahi əməliyyat metodu seçilir”.

Oftalmologiya-göz xəstəliklərinin diaqnostikası, müalicə və profilaktikası ilə məşğul olan tibbin bir sahəsidir. Bu tibb sahəsində öz sözünü deyənlərdən biri də Zərifə xanım Əliyevadır. O, kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox uğurlu tədqiqatlar aparıb. Zərifə xanımın illər boyu apardığı müşahidələrin, təcrübələrin nəticəsi olaraq, 1977-ci ildə tibb elmləri doktoru, alimlik dərəcəsinə layiq görülüb.  Bildiyimiz kimi, o həm də ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı idi. Ulu öndər hər zaman öz xanımından fəxrlə danışardı.

Lalə Bağırova