• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1891
— 10.04.2023 20:13

22 həkimə ehtiyac var

KepezTV Player

Gəncədə cərrah, kardioloq, nevroloq, psixiatr, uroloq, terapevt, pediatr kimi  22 həkim yeri boşdur. Bu isə vaxtında tibbi yardım və müalicə ilə bağlı tədbirlərin göülməsini çətinləşdirir. Baxmayaraq ki, ilin əvvəlindən 20 həkim müxtəlif ixtisaslar üzrə işə cəlb edilib, bu, məsələnin həllinə tam şəkildə kömək etməyib. 

Gəncədə vakant həkim yerləri həm xəstəxanalarda, həm də ailə sağlamlıq mərkəzlərində mövcuddur. Bundan başqa ərazi üzrə uşaq poliknikalarında uşaq cərrahı, kardioloqu, nevroloqu kimi həkimlərə də ehtiyac duyulur.   

Məlahət Bayramova- Gəncə Birləşmiş Xəstəxanasının İnsan Resursları şöbəsinin müdiri: “Gəncə şəhər Birləşmiş Xəstəxanasında bir il əvvəl daha çox həkim vakansiyası var idi. Rəhbərliyin təşəbbüsü ilə özəl sektorlardan həkimlərin cəlb edilməsi nəticəsində bu boşluq demək olar ki, azalmışdır. Lakin, yenə də bəzi ixtisaslar üzrə çatışmazlıqlar var. Həkim anestezioloq-reanimatoloqa, uşaq kardioloquna daha çox ehtiyac duyulur. Bizə müraciətlər edilir və rəhbərlik tərəfindən işə qəbul komissiyası tərəfindən sənədlər uyğun görülürsə, vakant yerlərə həmin həkimlər qəbul edilir”.

Həkimlər, orta tibb işçiləri və digər texniki işçilərin işə qəbulu qeyd edilən komissiyanın qərarına əsasən aparılır. İlin əvvəlindən indiyə kimi dövlət tibb müəssisələrində müxtəlif ixtisaslar üzrə işlə təminat həyata keçirilib. 

Anar Məmmədov- həkim: “2010-cu ildə Azərbaycan Tibb Universitetini bitirmişəm. 2016-2020-cı illərdə Türkiyədə Uzmanlıq təhsili almışam. Vətənə qayıdandan sonra ilk iş yerim özəl iş yeri olub. Sonra dövlət xəstəxanasında həkim-uroloq təyin olundum. İcbari tibbi sığorta ilə yüksək səviyyədə əməliyyatlar icra edirik”.

Samir Məhərrəmov- həkim: “Uzun müddət idi ki, özəl sektorda çalışırdım. Ötən ilin noyabr ayından dövlət sektoruna gəlmişəm. Şəraitdən də razıyam”.

Bundan başqa, digər texniki sahələr üzrə işə qəbul zamanı xüsusi imtiyazlı şəxslərə, eləcə də onların ailə üzvlərinə də üstünlük verilir. Məhz elə bunun nəticəsidir ki, ötən il Gəncə Birləşmiş Xəstəxanasında 100 nəfərə yaxın bu statusdan olanlar işlə təmin edilib.

Heydər Məsimov- kadrlar üzrə mütəxəsis: “Füzuli, Cəbrayıl, Qubadlı rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşam. Cənab Ali Baş Komandanın medalları ilə təltif edilmişəm. Əsgərlikdən təxris edildikdən sonra Gəncə şəhər Səhiyyə İdarəsinə müraciət etmişəm. Öz ixtisasıma uyğun işlə təmin olunmuşam. Hazırda İnsan Resursları şöbəsində kadrlar üzrə mütəxəssis vəzifəsində çalışıram”.

Tural Rzayev- mühafizəçi: “Suqovuşan istiqamətində, Füzuli, Xocavənd istiqamətində gedən döyüşlərində iştirak eləmişəm. İşsiz idim və Səhiyyə idarəsinə yaxınlaşdım. Qeydiyyata aldılar və özləri çağırdılar. İşim yaxşıdır, razıyam”.

Ümumilikdə, Gəncədə 5 xəstəxana və 9 Ailə Sağlamlıq Mərkəzində 609 həkim, 1483 orta tibb işçisi və 1536 digər texniki işçilər çalışır.

Elnur Vahidoğlu