• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2123
— 06.04.2023 20:18

Yaz əkinləri üçün torpaqların analizi aparılır

KepezTV Player

Göygöl Regional Aqrokimya laboratosiyasında ilin əvəllindən 1947 fermerin müraciəti əsasında əkin aparılacaq torpağın nümunələri analiz edilib. Torpağın tərkibini öyrənərək becərməyi üstün tutanlar yazlıq əkinlərin məhsuldar olmasını planlaşdırır. 

Göygöl Regional Aqrokimya laboratoriyasında torpaq, bitki, su və gübrə analizləri həyata keçirilir. Yaz əkinləri başladığı üçün, laboratoriyaya Göygöl və ətraf rayonlardan torpaq nümunələri təqdim edilir. Analiz zamanı torpağın makro və mikro elementlərini, PH, eləcə də üzvü maddələri təyin edilir.

Günay İsayeva- laboratoriyanın baş aqrokimyaçısı: Analiz torpaqda strukturu təyin etmək üçündür. Burada torpağın qumu, gili, lili hansı miqdardadır, o, təyin olunur. 50 qram torpaq çəkilir və üzərinə kalqon, natriumoksalat məhlulu tökülür. Su ilə qarışdırılır. Bir gecə saxlandıqdan sonra, səhəri gün mikserdə 5-7 dəqiqə çalxalandıqdan sonra bu qablara yerləşdiririk. Bu cihazla da torpaqdakı tərkibi təyin edirik”.

Hər bir analiz nümunəsinə uyğun fermerlərə tövsiyələr verilir,  hansı gübrədən nə qədər vermək lazım olduğu müəyyən edilir. Nəticədə bitkinin yaxşı inkişafı, məhsuldarlığın artması, xəstəliyə dözümlülüyü müəyyənləşir. 

Berban Atakişiyev- laboratoriyanın işçisi: “Bizim zonada əkilən kartof, soğan, tərəvəz bitkiləri, şəkər çuğunduru bitkilərinə görə, hansı bitkiyə hansı gübrənin çatmadığını müəyyən edirik, tövsiyə edirik və sahəyə verilir. Hər iki ildən bir də torpaq analiz edilməlidir. Həmin gübrələr verilərsə, istədiyimiz məhsulu da almaq mümkündür”.

Rəfayıl Mustafayev- fermer: “Hər il 100-110 ha ərazidə toxumluq taxıl əkirəm. Həmin toxumluq taxılı da əkməyə laboratoriyada analiz verirəm və cavabını alandan sonra, o sahələrə taxıl səpirəm. Laboratoriya da bizə dəqiq məlumat verir ki, torpaqda hansı mineral gübrələr çatmır və yaxud da çoxdur. Biz də laboratoriyanın verdiyi sənədə əsasən, o torpağa qulluq edirik, taxıl səpirik. Səpdiyimiz taxıldan da çox gözəl məhsul götürürük”.

Rasim İbrahimov- torpaq mülkiyyətçisi: “Göygöl rayonunun Bənövşəli kəndində yaşayıram. 2 ha torpağım var. Buğda əkirik, hər il də yaxşı məhsul götürürük. Hər il də torpağımızdan analiz veririk. Sağ olsunlar yaxşı da məhsul götürürük”.

Torpağın tərkibinin təyin edilməsinə uyğun olaraq analizlərin qiyməti 27-105 manat arası dəyişir. Laboratoriyada ADAU-nun torpaqşünaslıq və aqrokimya, eləcə də aqronomluq ixtisasında təhsil alan tələbələr üçün təcrübə də keçilir. 

Elnur Vahidoğlu