• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1586
— 01.04.2023 20:32

Qeyri-sabit havanın məhsuldarlığa təsiri

KepezTV Player

Son günlər müşahidə edilə hava şəraiti, sulu qar və qarın yağmasından aqrar sahədə çalışanlar olduqca narahatdır. Əsasən də əkin-biçinlə məşğul olanlar. Ağacların çiçəklədiyi, torpağın oyandığı bir dövrdə yağıntıyla gələn soyuq hava məhsuldarlığı mənfi təsirini göstərəcəkmi? Mütəxəssislər bu barədə nə deyir?

Valeh Zeynalov 45 ildir ki, bağbandır. Dövlət tərəfindən verilən  3,5 ha pay torpaq sahəsində meyvə bağı salıb. Elə meyvə ağacı yoxdur ki, bağban öz bağ sahəsində əkib-becərməsin. Lakin, havanın bu cür qeyri sabit  yağışlı, küləkli keçməsi, temperaturun ağaşı düşməsi onu narahat edir. 

Valeh Zeynalov- bağban: “Qış dövrü qurtarıb, artıq yaz fəsli gəlib. Ağaclar kütləvi surətdə oyanmağa başlayır. Meyvə ağacları çiçəklər açıb, yavaş-yavaş yarpaqlar əmələ gəlib. Ancaq təəssüflər olsun ki, havaların qeyri-sabit keçməsi, küləkli havanın olması ağacların çiçəklənməsinə, meyvələrin olmasına güclü təsir edir. Həmin o gətirdiyi ilkin meyvələr yerə düşür”.

Yazda havanın dəyişkənliyinin ağaclara mənfi təsirini azaltmaq üçün vaxtında qabaqlayıcı tədbirlər görülməlidir. Belə ki, payızda ağaclara aqrotexniki qulluqlar edilməli, dibləri bellənərək qüvvətli gübrələr verilməlidir. 

Allahverdi Seyidov- ADAU-nun Bağçılıq kafedrasının müdiri: “Yağmurlu hava tozlanmada problemlər yaşadır. Mayalanma da çox zəif gedəcəkdir. Ona görə də yağışlı havanın tozlanma dövrünə düşməsi məqbul sayılmır. Bunun üçün nisbətən sərin hava və havanın yağmursuz keçməsi daha məqsədəuyğundur. Temperatur mənfiyə düşürsə, o zaman həmin ərazidə imkan varsa, tonqallar yandırılsa, külək nisbətən havanı istiqamətləndirəcəkdir. Bununla da, havanın temperaturunda qismən dəyişiklik olacaq və nəticədə mənfi təsirlər ötüşmüş olacaqdır”.

Sinoptiklər isə belə vəziyyətin uzun sürməyəcəyini proqnozlaşdırırlar. 

Gülşad Məmmədova- Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru: “Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Aprelin 1-də Gəncə-Qazax bölgəsində yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir. Bəzi yerlərdə qar yağacağı ehtimal olunur. 2-də gündüz yağıntının tədricən kəsiləcəyi gözlənilir. Aprelin 3-4-də hava şəraitinin sabit, əsasən yağmursuz olacağı proqnozlaşdırılır. Gecə və səhər saatlarında bəzi yerdə duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun 7-12 dərəcə isti olacağı gözlənilir".

Ümimilikdə isə aprel ayının ilk on günlüyündən sonra havanın normal olacağı gözlənilir, yağıntının olacağı ehtimal edilmir. 

Elnur Vahidoğlu