• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1981
— 29.03.2023 10:04

Fazil Mustafaya qarşı törədilmiş terror aktı ilə bağlı cinayət işi başlanılıb

KepezTV Player

Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı məlumata əsasən, millət vəkili Fazil Mustafaya qarşı terror aktı ilə bağlı cinayət işi açılıb. Millət vəkilinin müalicəsi davam etdirilir. 

Martın 28-də saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fazil Qəzənfər oğlu Mustafaya yaşadığı evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib. Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. 

Fazil Mustafanın əməliyyat olunduğu Kliniki Tibbi Mərkəzdə deputat həmkarları da onu tək qoymayıblar. Millət vəkilləri cinayəti törədənlərin tezliklə cəzalandırılmasına ümidvar olduqlarını bildiriblər.

TƏBİB-dən Kliniki Tibbi Mərkəzdə deputatın əməliyyatı yekunlaşdıqdan sonra təhlükəsizliyinin təşkil olunması məqsədilə hüquq-mühafizə qurumlarından birinin hospitalına aparıldığı açıqlanıb. Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb. Terror aktını törətmiş şəxsin və cinayət hadisəsi ilə əlaqəsi olan digər şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində kompleks təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilir. 

Fərid Mehdizadə