• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1420
— 12.03.2023 20:32

Ermənistanın Laçın yolu avantürası

KepezTV Player

Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyalarının 3 ayı tamam olur. Aksiya müddətincə ictimai fəallar bu yoldan heç bir qanunsuz yüklərin keçidinə icazə verməyiblər. 91 gün ərzində aksiya ərazisindən 4 000-ə qədər humantar avtomobilin keçidinə şərait yaradılıb. Amma məsələ ekofəlların aksiyasına qədər Laçın yolundan qanunsuz yükdaşımalar həyata keçirən Ermənistanın özünə alternativ maşrut seçməsindədir. Martın 5-də silahlı qarşudurmanın yaşandığı Xankəndi-Xəlfəli-Turşsu yolundan danışacağıq. 

Qanunsuz erməni birləşmələri ötən ilin dekabrından Laçın-Xankəndi yoluna alternativ olan Xankəndi-Xəlfəli-Turşsu yolundan Xankəndinə silah daşıyır. Bu faktı təsdiqləyən videogörüntülər sosial şəbəkələrdə yayılıb. Ermənistan tərəfi torpaq yoldan keçidlərin mülki xarakterli oldğunu iddia etsə də, bu iddianı alt-üst edən məntiqi məqamlar və görüntülər var. Məntiqi məqam odur ki, əgər qanunsuz daşımaları yoxsa, niyə Xankəndi-Laçın yolundan istifadə etmirlər. Görüntülər də ki, göz qabağında. Martın 5-də baş verən silahlı qarşıdurmadan sonra ermənilərin hərbi kolonlarını Rusiya sülhməramlılarının müşayət etməsi yayılan videolardan da aydın nəzərə çarpır.

Ramil Məmmədli- hərbi ekspert: “Şuşa ərazisindəki yollar bir-birinə demək olar ki, paralel və perpendikulyal yollardır. Laçın rayonunun inzibati ərazisindən Şuşaya daxil olduqdan sonra həmin yol haçalanır. Bir yol Xəlfəli-Turşsu-Kərkicahan yoludur. Bu, əslində Kərkicahandan keçib Xankəndiyə gedir. İkinci yol isə - Laçın yolu gəlib, Şuşadan keçərək Xankəndiyə gedir. Əgər Laçın rayonu ərazisində olan bu yola Azərbaycan ordusu nəzarəti öz üzərinə götürərsə, Ermənistan tərəfdən Xankəndiyə istiqamətlənən hər hansı bir silah və sursat daşıyan hərbi təyinatlı nəqliyyat vasitəsi keçə bilməz”.

Qədir Aslanov- siyasi şərhçi: “Peyk kəşfiyyatı vasitəsilə də Azərbaycan ərazilərin hər kvadrat santimetrinə nəzarət edir, bu baxımdan. Mən Ermənistanı monolit bir qüvvə kimi nəzərdən keçirmirəm, onu da deyim. Çünki, orda mərkəzdən qaçma qüvvələri var. Hərbi hakimiyyət başqa bir şey deyir, parlament başqa şey deyir, baş nazir başqa bir söz deyir. Bu baxımdan onların içində revanşist qüvvələr Azərbaycanın apardığı sülh-quruculuq prosesinə badalaq atmaq və onu tormuzlamaq üçün bu kimi məsələlərə əl atırlar”.

Azərbaycanın Laçın yolunu humantar yola çevirməsini Ermənistan tərəfi əslində artıq qəbul edib. Ona görə də, qanunsuz silah daşımaları üçün alternativ yol axtarışında olmaları başadüşüləndir. Ekspertlər bildirirlər ki, məsələnin mahiyyətində həm də Azərbaycanın güya blokada və böhran yaratmaq mifini yenidən ortaya qoymaq istəyi dayanır. Bu isə səmərəsiz, sülhə təhdid və Ermənistanın özünə yönəlik addım hesab olunur.

Qədir Aslanov- siyasi şərhçi: “Azərbaycan tərəfi öz əməlləri ilə nəzarət buraxılış məntəqəsi qoymalıdır arqumentini bir az daha əsaslandırmış olur. Əslində bunlar bu fəndləri həyata keçirirlər ki, göstərsinlər Azərbaycan prosesə nəzarət edən tərəf deyil, Azərbaycan prosesləri kontrol edə bilmir. Azərbaycan haqqında belə bir illuziya, təəssürat yaratmaq istəyirlər. Nəticə etibarilə Azərbaycan tərəfinin ora özünün süverenliyini gətirməsi dövlət orqanlarını gətirməsi ilə nəticələnəcək. Xüsusilə, nəzarət buraxılış məntəqəsi və digər o cığırların hamısına Azərbaycan xüsusi xidmət orqanları və silahlı qüvvələrinin nəzarətinin tam şəkildə bərpa olunması ilə nəticələnəcək”.

Ramil Məmmədli- hərbi ekspert: “Azərbaycan ordusu vizual olaraq nəzarət həyata keçirir. Yəni, müəyyən optik vasitələrdən istifadə edərək yolda hərəkəti öz nəzarətlərində saxlayırlar. Amma yol bağlanmayıb və yolun bağlanması üçün hər hansı bir addım atılmayıb. Azərbaycanın müdafiə naziri Zakir Həsənovun rəhbərliyi altında keçirilən kollegiyada səsləndirilən fikirlər bizə onu deməyə əsas verir ki, artıq Azərbaycan dövləti bu yola da tam nəzarətin həyata keçrilməsi prosesinin icrasına başlaya bilər.”

Xatırlatmaq yerinə düşər ki, Rusiya və Ermənistanın da imzası olan bəyanatda Ermənistanla Qarabağ iqtisadi zonası arasında yeganə yol Xankəndi-Laçın yolu nəzərdə tutulub. Ermənistanın Rusiya sülhməramlılarının müşayiəti ilə başqa cığırlarla Azərbaycana qanunsuz silah daşıması isə hər iki dövlətin imzasına hörmət etməməsi anlıma gəlir. Bu mənada ekspertlər Rusiyanın öz imzasına hörmətlə yanaşmasının vacibliyini vurğulayırlar. Əks təqdirdə Xankəndi Xəlfəli-Turşsu yolunun bağlanması və tam nəzarətə götürülməsi üçün Azərbaycan Ordusunun əməli addım atacağı istisna olunmur.

Azad Mustafayev