• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1186
— 11.03.2023 16:18

Göygöl şəhərinin sonuncu alman sakininin evi muzey olacaq

KepezTV Player

Göygöl şəhərinin sonuncu alman sakini Viktor Klaynın ev muzeyi yaradılır. Artıq tikilidə aparılan təmir-bərpa, restavrasiya işləri tam yekunlaşıdırılıb. Evin özünəxaslığı qorunub saxlanılıb.

İndiki Göygöl şəhərinin əsası 1819-cu ildə Almaniyanın Virtemberq knyazlığından bu əraziyə mühacirət etmiş koloniyaçılar tərəfindən qoyulub. Qısa vaxtda 118 ailə burada 6 küçə salıb və bu küçələrdə həmin dövrün alman memarlığına xas olan 600-ə qədər ev tikib. Həmin evlərdən biri də Viktor Klaynın ailəsinə məxsusdur. 2007-ci ildə vəfat edən Göygöl şəhərinin sonuncu alman sakininin yaşadığı bu evin restavrasiyası zamanı onun tarixiliyinin qorunub saxlanılmasına xüsusi diqqət yetirilib.

Viktor Klaynın sağlığında ən böyük arzularından biri o olub ki, vəfat etdikdən sonra onun yaşadığı ev öz dizaynında qorunub saxlanılsın. Məhz elə bunun üçün də bu evdə aparılan təmir-bərpa işləri zamanı həmin o dizayn qorunub saxlanılıb. Belə ki, onun dövründə olan gündəlik məişətdə istifadə etdiyi əşyalar, xalça eləcə də onun anasına, həmçinin atasına və özünə məxsus şəkillər də bu otaqda olduğu kimi qorunaraq saxlanılır.

Araz Hacıyev- Göygöl şəhər Bələdiyyəsinin sədr müavini: “Almanların burada məskunlaşması Göygölə bir alman mədəniyyəti, alman səliqəsi bəxş etmişdir. Bu gün həmin səliqə, həmin mədəniyyət davam etdirilir. Bizdə həmin mədəniyyətin nümayiş etdirilməsi üçün rayon icra hakimiyyəti tərəfindən təşəbbüs irəli sürüldü. Əsaslı şəkildə də restavrasiya olundu. Almaniyanın Azərbaycandakı səfiri bura baxış keçirdi və görülmüş işləri yüksək qiymətləndirdi”.

Viktor Klayn 1935-ci ildə Göygöl rayonunda anadan olub və 72 yaşında vəfat edib. Bu evi isə 1886-cı ildə Viktorun atası tikdirib. 6 otaqdan ibarət olan ev sırf alman memarlıq üslübununda inşa edilib. Tikilinin ərsəyə gətirilməsində daşdan və torpaqdan istifadə edilib.

Bura Göygöldə yaşayan sonuncu Alman Viktor Klaynın evinin çardaq hissəsidir. Evin dam örtüyü kirəmitdəndir. Ona görə də həmin bu çardaq hissə qışda isti, yayda sərin olur. Məhz elə bunun üçün də Viktor Klayn gündəlik istifadə etdiyi ərzaq məhsullarını, eləcə də meyvəni məhz bu çardaqda saxlayıb.

Vüqar Cabbarov- Viktor Klaynın qonşusu: “Qonşuluqda yaxşı olub. Heç kimlə işi olmayıbdır. Salamlaşıb keçirdi. Arada bir pianinoda ifa edirdi. Pəncərənin altından eşidirdik”.

Atası həkim olan Viktor rayonda poçt işçisi olaraq çalışıb. Onun evində 200-ə yaxın şəxsi əşyası qorunaraq saxlanılır. Ev yaxın vaxtlarda muzey kimi ziyarətçilərin istifadəsinə veriləcəkdir. 

Araz Hacıyev- Göygöl şəhər Bələdiyyəsinin sədr müavini: “Onun qəbri, bizdə Almanların qəbiristanlığı var, oradadır. Viktor Klayn o dövrdən bu dövrə kimi evin qorunmasını həmin dövrdə necə tikilmişdisə elə də saxlayıb. Əşyalar da almanların vaxtından qalandır və heç bir əşyadan istifadə etməyibdir. Evi Mədəniyyət Nazirliyinə vəsiyyət edib və onun balansındadır. Muzeyin konsepsiyasının hazırlanması ilə bağlı Mədəniyyət Nazirliyinin əmri var. İşlər yekunlaşdıqdan sonra açıq muzey şəklində fəaliyyət göstərəcəkdir”.

Bura Viktor Klaynın yaşadığı evin saray hissəsi adlanır. Bu saray hissədə Viktorun yaşadığı mənzildən çıxış, eləcə də çardağa çıxış, bundan başqa zirzəmiyə çıxış da məhz elə burdandır. Sarayda həmçinin Viktorun yaşadığı dövrdə onun gündəlik həyatda istifadə etdiyi məişət əşyaları da var. Viktor Klaynın şərab çəkmək üçün istifadə etdiyi cihaz və gündəlik istifadə etdiyi əşyalar da burada qorunaraq saxlanılır.

Viktor Klayn artıq 16 ildir ki, həyatda yoxdur. Lakin, ondan geriyə qalan ev və bütün əşyaları olduğu kimi qorunaraq saxlanılır. Bu da təbii ki, Azərbaycanda var olan multikulturalizm və tolerantlığın göstəricisidir.

Elnur Vahidoğlu