• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1463
— 10.03.2023 11:04

“Tesla Optimus” özü kimi robotlar yığa bilir

Keçən il Tesla şirkəti Tesla AI Day tədbiri çərçivəsində Optimus adlı robotunu təqdim etmişdi. İndi isə şirkət investorlar üçün keçirilmiş Investor Day adlı tədbirdə bu insana bənzər robotun bir qədər təkmilləşdirilmiş versiyasını sərgiləyib. Təkmilləşdirilmiş Optimus bədən hərəkətlərini daha dəqiq şəkildə reallaşdırmağı, digər Optimus robotları ilə koordinasiyalaşmağı və özünə bənzər robotları yığmağı öyrənib. Tesla tərəfindən təqdim edilmiş videoda iki ədəd robot bir-biri ilə əlaqəli şəkildə müxtəlif alətlərdən istifadə edərək üçüncü robotu yığırlar.

Optimus-un sahib olduğu software və hardware tərəfi barəsində məlumat verən zaman Elon Musk qeyd edib ki, hal-hazırda bazarda heç kim bu cür texnologiyalara sahib deyil. Belə ki, Tesla mühəndisləri robotun konstruksiyasında olan vacib elementləri fərdi şəkildə hazırlayıblar. Musk bildirib ki, Tesla-nın robototexnika sahəsi şirkətin ənənəvi biznesinin çox az anlaşılan bir hissəsidir və o, yetəri qədər qiymətləndirilmir. Onun sözlərinə əsasən uzunmüddətli perspektiv baxımından bu sahə şirkətin avtomobil biznesindən daha baha ola bilər.