• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1362
— 09.03.2023 19:56

Mövsümi allergiyalarda nələrə diqqət edilməlidir?

KepezTV Player

Yaz aylarında, ağacların çiçək açması, tozlanmanın başlanması və havada uçan toz hissəcikləri ilə əlaqədar olaraq həssas insanlarda allergik xəstəliklər yaranır və ya kəskinləşir. Buna görə də, yaza çox zaman "xəstəliklər fəsli" də deyilir. Bəs bu halın kəskinləşməməsi, ciddi problemlərin olmaması üçün nələrə diqqət etməliyik?

Nəriman İbrahimov- şəhər sakini: “Mart ayında, adətən bu fəsildə allergiyam olur. Gözdən yaş gəlir, nəfəs çatışmazlığı olur, boğulma verir. Bir də səpmələr olur. Bununla bağlı olaraq da, həkimə müraciət edirik”.

Allergik xəstəliklər bədənin hər hansı yad cismə qarşı verdiyi reaksiyadır. Bu da özünü fəsillərin keçid dönəmində daha çox göstərir. Əczaçılar da son günlər mövsümi xəstəliklərlə bağlı dərman alanlarının sayının artdığını deyir.

Arzu Abdullazadə- əczaçı: “İnsanların fərdi olaraq həssaslıqları artır. Ona görə də allergiya əleyhinə dərmanlara ehtiyac artıb. Biz gələn xəstələri təmin eləməkdən ötrü onlara antihistamin maddələr, allergiya əleyhinə tabletlər və burun spreyləri təqdim edirik və bunun da nəticəsində onların allergik rinit simptomları aradan qalxır”.

Havanın dəyişkən keçməsi, hazırda davam edən tozlanma dövrü bəzi xəstəliklərin kəskinləşməsi üçün də əsl şərait yaradır. Burada söhbət, sözsüz ki, mövsümi allergiya və buna bağlı bir sıra problemlərdən, o cümlədən astmadan gedir. 

Yüksəl Hüseynli- həkim: “Allergik xəstəliklərə bütün dövrlərdə rast gəlinə bilir. Amma polinoz adlandırdığımız allergik xəstəliklər adətən yaz-payız aylarında daha çox rast gəldiyimiz prosesdir. Bu dövrdə allergiyaya meylli olan şəxslərdə allergik rinit adlandırdığımız -burunda sulanma, asqırma, konyuktivit adlandığımız gözdə sulanma, qaşınma, farengit adlandığımız qıcıqlanmış öskürək, dəridə səpkilər, eyni zamanda tənginəfəslik kimi əlamətlərlə özünün biruzə verir. Digər növdə isə mövsümi allergiyalardan başqa məişət allergiyaları var- qida, dərman allergiyası da olur ki, bunlara da adətən il boyu rast gəlinir”.

Başqa fəsillərdə xəstələrə müqaviməti artırmaq üçün açıq havada çox gəzməyi məsləhət görürlər. Allergik xəstəliklərdə isə tam əksidir. Mütəxəssislər xəstələrə günün müəyyən olunan saatlarında açıq havaya çıxmağı tövsiyyə edirlər.

Yüksəl Hüseynli- həkim: “Ümumi şəkildə götürsək dedik ki, bitkilərin səhər saat 11-ə qədər tozlanma prosesinin sürətlənməsi ilə bağlı olaraq, allergiyası olan şəxslərin bu saatlarda çölə çıxmaması, çıxarsa əgər maskadan istifadə etməsi məsləhət görülür. Və ya evin pəncərəsini açmaq, havalandırmaq istəyirsə, günortadan sonra eləmək məsləhət görülür”.

Bu xəstəlikdən əziyyət çəkənlər həm də qidalanmalarına diqqət etməli, müəyyən ərzaqları rasionlarından kənar etməlidirlər. Əks halda vəziyyətləri xəstəxanalıq ola bilər.

Aişə Rzayeva