• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1617
— 09.03.2023 10:58

Samsung qarışıq reallıq cihazları (AR + VR) sahəsinə daxil olmağı hədəfləyir

Samsung şirkətinin top menecerlərindən birinin verdiyi məlumata əsasən şirkət hal-hazırda qarışıq reallıq (AR + VR /Mixed Reality) sahəsinə istiqamətlənmiş məhsulların təqdim edilməsi məsələsində yol xəritəsinin tərtib edilməsi ilə məşğuldur. Samsung bu sahəni çox perspektivli hesab edir. Bir çox texnoloji şirkətin fikrincə qarışıq reallıq elektronika sahəsinin növbəti inkişaf mərhələsidir. Bu sahəyə artıq Meta və Microsoft kimi şirkətlər külli miqdarda investisiyalar yatırırlar. Bu cür texnologiyalar faktiki olaraq xüsusi cihaz və proqram təminatı sayəsində real dünya ilə virtual dünyanı birləşdirməyə imkan verəcəklər. Samsung şirkətinin təmsilçilərinin məlumatlarına əsasən şirkət bu imkanı qaçırmaq istəmir.

Lakin şirkətin ilk MR cihazının nə zaman sərgilənəcəyi barəsində bir məlumat verilməyib. Bununla belə Samsung təmsilçiləri qeyd ediblər ki, şirkət Google və Qualcomm-la sıx şəkildə əməkdaşlıq edir. Qualcomm həm AR həm də VR cihazlar üçün nəzərdə tutulmuş Snapdragon XR adlı prosessorun satışlarını artıq reallaşdırır. Samsung proqram təminatının hazırlanması mövzusunda illərin təcrübəsinə, Google isə Android kimi məşhur və güclü platformaya sahibdir. Bununla belə Samsung bu məsələdə yalnız 2 şirkət ilə əməkdaşlıqla yetinmək niyyətində deyil. Belə ki, Samsung kənar tərtibatçıları, kontent və proqram təminatı yaradıcılarını cəlb edərək öz ekosistemini yaratmağı hədəfləyib. Bəzi mütəxəssislərin fikirlərinə əsasən yaxın gələcəkdə Samsung-dan AR və ya MR eynək gözləmək olar.