• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1554
— 08.03.2023 10:33

Kredit borcu olan sürücünün avtomobili birbaş banka yollanacaq

Ford şirkəti kreditə alınmış avtomobilin geri qaytarılması üçün nəzərdə tutulmuş orijinal sxemin patentini əldə etməyi hədəfləyib. Şirkətin planına əsasən avtomobil istifadəçiyə gecikdirilmiş kredit ödənişini xatırladacaq və ona tez bir zamanda ödənişi reallaşdırmaq xəbərdarlığını edəcək. İstifadəçinin gecikmiş kredit ödənişini reallaşdırmadığı halda isə avtomobildəki funksiyalar deaktiv ediləcək. “Nəqliyyat vasitələrinin geri qaytarılması sistemləri və üsulları” adlı yeni patent sorğusu Ford tərəfindən ABŞ-ın patent agentliyinə hələ 2021-ci ilin avqust ayında göndərilib. Lakin onun barəsində məlumat indi ortaya çıxıb.

Sözügedən patent sorğusunda gecikmiş kredit ödənişini etməyən alıcılara avtomobilin elektron sistemi vasitəsilə müxtəlif şəkildə təsir göstərilməsi üsulları əks olunub. Patent sənədində söhbət, avtopilot funksiyalarına və ya nəqliyyat vasitəsinin əsas komponentlərindən istifadə edə bilən təkmilləşdirilmiş sistem kompüterinə sahib avtomobillərdən gedir. Sürücünün böyük olmayan borca sahib olduğu halda avtomobil ona ödənişin reallaşdırılması barəsində mütəmadi xatırlatmalar edəcək. Məsələn bu istiqamətdə avtomobil qıcıqlandırıcı siqnal səsini işə sala bilər. Əgər bu, istifadəçiyə təsir göstərməsə, avtomobil geniş təsir imkanlarını işə salacaq. Həmin üsullar bunlardır:

- Multimedia sistemlərinin, pəncərələrin idarəsi sisteminin və digər funksiyaların deaktiv edilməsi

- Həftə sonları qapıların bloklanması

- Yaşayış yerindən uzaq məsafəyə səyahət qadağası

- Salonda daimi siqnal səsinin işə salınması

- Qapıların tamamilə bloklanması.

Patent sənədində qeyd edilib ki, avtomobilin avtopilot sisteminə sahib olduğu və sürücünün gecikmiş kredit ödənişini reallaşdırmadığı halda avtomobil avtomatik şəkildə banka və ya evakuasiya üçün nəzərdə tutulmuş təyinat nöqtəsinə hərəkət edə bilər. Lakin əgər avtomobilin sistemi təyin etsə ki, avtomobil olduqca köhnəlib və evakuasiya xərci avtomobildən daha baha başa gələcək, bu halda avtomobil birbaşa zibilxanaya hərəkət edə bilər.