• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2188
— 05.03.2023 20:02

Tibbi yardım çantasındakı dərmanlar əks təsir göstərə bilər

KepezTV Player

Avtomobil ilə yola çıxarkən hər kəs üçün gərəklı önəmli əşyalardan biri də “apteçka” adlandırdığımız ilkin tibbi yardım çantasıdır. Ancaq bu çantanın içərisində olanlar istifadəyə yararsız olduqda insan sağlamlığı üçün faydası olmur, əksinə təhlükə ikiqat artır. Söhbət, maşında saxladığımız preparatların son istifadə tarixinin keçməsindən gedir.

Nazirlər Kabinetinin qərarına əsasən, sürücülər idarə etdikləri nəqliyyat vasitələrində xüsusi dərman qutularının olmasını təmin etməlidirlər. Bu çantalar olmadıqda hətta avtomobili texniki baxışdan da keçirmək mümkün olmur. Avtomobildəki tibbi yardım çantasına isə 20 dən çox adda tibbi ləvazimat və dərman preparatı daxildir. Ancaq sürücülər bu çantanın lazımsız və istifadəyə yararsız olduğunu düşünürülər.

Tibbi yardım çantasında olan dərmanlar vətəndaşlara nəinki fayda, əksinə istifadə edilərsə zərər də gətirə bilər. Bu, istifadə dövrü bitənlərə aiddir. Eləcə də bəzi dərmanlar sabit temperaturu olmayan avtomobil salonunda qalaraq öz keyfiyyətini itirə bilər. Ona görə də dünya təcrübəsini nəzərə alaraq elə qayda tətbiq etmək lazımdır ki, ilkin tibbi yardım çantasında olan ləvazimatlar işə yarasın.

Şəhla Verdiyeva- həkim: “Dərman saxlama qaydaları ilə bağlı əslində bir çoxlarımızın doğru bildiyi yanlışlar var. Həm avtomobildə, həm evdə antibiotik, antibakterial preparatlar əgər saxlanılırsa onların təsiri həddən artıq çox dəyişir. Çünki, maşın işlək vəziyyətdə olmayan vaxt saxladıqda temperatur çox düşük olur qış aylarında hətta mənfi dərəcələrə kimi düşür. Ya da ki, biz onu işlək vəziyyətə gətirdikdə isitmə sistemini işə qurduğumuza görə temperatur həddən artıq qalxır. Hər ikisi də həmin preparatın saxlanma şəraitinə ziddir”.

Nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, bu məsələ ilə bağlı qanuna dəyişikliklər edilərsə həkimlərin və sürücülərin rəyləri mütləq nəzərə alınmalıdır.

Eldəniz Cəfərov- nəqliyyat eksperti: “Azərbaycan Respublikasında ilk tibbi yardım çantasının olması qanunla tənzimlənir. Qanunun tələbidir. Olmalıdır. Vacibdir. Hər bir dərmanın özünün saxlanma müddəti var, o, bitdikdə onu dəyişməyə ehtiyac var. Dəyişilməlidir. Əgər hansısa avtomobildə bunun üçün şərait yoxdursa bu, artıq həmin avtomobilin sürücüsünün problemidir. Qanunda bu tələb varsa, deməli olmalıdır”.

Heç kəs nə vaxt və hansı durumda avtomobildəki tibbi çantasına ehtiyac yaranacağını dəqiq bilmir. Ancaq bir şey dəqiqdir ki, tibbi çantanın hər bir avtomobildə olması məcburidir. Təbii ki, içərisində istifadə müddəti keçməyən dərmanlar olan.

Aişə Rzayeva