• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1790
— 04.03.2023 19:54

7 sərhədyanı kəndin içməli su təchizatı yaxşılaşdırılır

KepezTV Player

Tovuzun sərhədyanı bölgədə yerləşən 7 kəndinin, yəni 20 minədək sakinin içməli su təchizatı yaxşılaşdırılır. Dövlət investisiyası hesabına həyata keçirilən layihə Ağdam, Vahidli, Aşağı Öysüzlü, Yuxarı Öysüzlü, Əlibəyli, Hacıallı və Mülkülü kəndlərini əhatə edir. İndiyədək Ağdam və Vahidli kəndlərinin sakinləri içməli suya olan tələbatlarını əsasən uzaq məsafədən daşımaqla ödəyiblər. Digər kəndlərdə isə suvarma üçün nəzərdə tutulan subartezian quyularından, Tovuzçaydan və kəhriz sularından istifadə olunub. Layihəyə uyğun olaraq Ağdam və Vahidli kəndlərinə içməli su mövcud drenaj qurğusu və bulaqlardan, Əlibəyli, Hacıallı, Mülkülü, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinə isə yeni qazılacaq 7 subartezian quyusundan veriləcək. Əhalinin ümumi istifadəsi üçün bulaqlar quraşdırılacaq. Hazırda quyulararası, magistral və şəbəkə su xətlərinin, həmçinin anbarların tikintisi davam etdirilir. Tikinti-quraşdırma işlərinin 2023-cü ilin yay aylarında başa çatdırılması nəzərdə tutulur.

Rövşən Əsgərov “Azərsu” ASC-nin layihə rəhbəri:"7 kənddə ümumi uzunluğu 31,4 km olan magistral su kəmərindən 13 km, içməli su şəbəkəsindən isə 149,6 km-dən 111 km xətt tikilib başa çatmışdır. Layihə çərçivəsində Tovuz rayonunun 7 kəndində 690 ədəd bulaq qoyulması nəzərdə tutulub".

Tovuzla yanaşı, Qazax, Ağstafa və Neftçalanın kənd və qəsəbələrində də içməli su layihələri həyata keçirilir.